Texnoloji həllərin inkişafının istehlakçıların davranışına təsiri illər ərzində kartların istifadə vasitəsinə də əhəmiyyətli təsir göstərib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
2019-cu ildə kart əməliyyatlarının say üzrə 52%-i bankomatlar vasitəsilə aparıldığı halda, 2024-cü ildə bu göstərici 10%-ə enib.
Bankomatlarla aparılan əməliyyatların həcmi üzrə də oxşar tendensiya müşahidə edilir. Kartlarla aparılan əməliyyatlarda POSterminal ödənişlərinin say üzrə çəkisi 2019- cu ildə 17% olduğu halda, 2024-cü ildə müvafiq göstərici 34%-ə yüksəlib.
Ən böyük artım isə elektron ticarətdə müşahidə edilir. 2019-cu ildə kart əməliyyatlarının 31%-i e-ticarət üzərindən həyata keçirilirdisə, 2024-cü ildə bu göstərici 56%-ə çatıb.
Ümumilikdə, bu göstəricilər ölkədə nağdsız iqtisadiyyata keçidin sürətləndiyini, istehlakçıların isə rəqəmsal ödəniş kanallarına üstünlük verdiyini nümayiş etdirir.