Sevgi kordur: təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər
Hakerlərdən qorunmaq üçün Müşviq Məmmədovdan - 3 SADƏ TÖVSİYƏ
Sevgililər Günü ərəfəsində Kaspersky mütəxəssisləri onlayn tanışlıq ilə bağlı beş əsas təhlükə haqqında danışır:
Fişinq
Sevgililər Gününə bir neçə həftə qalmış fırıldaqçılar məşhur tanışlıq proqramlarının eynisi olan saxta səhifələr yaratmaqda xüsusilə fəallaşırlar. Onlar bunu məxfi və maliyyə məlumatlarını ələ keçirmək, onların köməyilə pul oğurlamaq və ya qoparmaq və ya həmin məlumatları sadəcə qaranlıq internetdə satmaq üçün edirlər.
Saxta tətbiqlər
Zərərli proqram onlayn tanışlıq xidmətlərini təqlid edən fayllar vasitəsilə cihaza nüfuz edə bilər. Son aylar ərzində Kaspersky mütəxəssisləri kibercinayətkarların zərərli proqramları yaymaq üçün Tinder, Badoo, Bumble, Grinder kimi ən tanınmış tanışlıq proqramlarının adlarından necə istifadə etdiyini qeydə alıb. Çox vaxt bu reklam proqramı kimi meydana çıxır, amma qurbanın cihazına digər zərərli proqramları quraşdıra bilən casus troyanları və yükləyici troyanların hücumları da qeydə alınıb.
Doksinq
Doksinq - şəxs haqqında məlumatın onun razılığı olmadan dərc edilməsini ehtiva edən təcavüzkar hücumudur. Doksing real həyatda qurbana böyük zərər vura bilər. Bu tip zərərlər arasında korlanmış reputasiya, işin itirilməsi və bəzən fiziki zorakılığa da rast gəlinir. Başqasına zərər vermək istəyən şəxs diqqətlə onun haqqında açıq mənbələr (axtarış sistemləri, sosial şəbəkələr) də daxil olmaqla, müxtəlif mənbələrdən məlumat toplayır. Məlumat toplama casusluğu onlayn tanışlıq xidmətlərində ünsiyyət zamanı da mümkündür, çünki orada söhbətlər çox vaxt şəxsi həssas mövzulara aid olur.
Saxta hesablar
Kaspersky mütəxəssisləri davamlı olaraq diqqəti cəlb etmək üçün gözəl insanların fotoşəkilləri, söhbətə dəvətlər və onlayn tanışlıq xidmətlərində saxta profillərdən istifadə edilən çoxsaylı spam göndərişləri qeydə alır. Bu məktubların köməyilə təcavüzkarlar zərərli proqram yayır, məxfi məlumatları oğurlayır və ya qurbanların pul və şəxsi məlumatlarını ələ keçirirlər.
Stalker proqramı (Stalkerware)
Stalker proqramı daha çox gizli müşahidə və şəxsin məxfiliyinə müdaxilə üçün istifadə olunan kommersiya təqib proqramıdır. Stalker proqramlarının köməyi ilə qurbanın şəxsi məlumatlarına - mesajlar, fotoşəkillər, sosial şəbəkələrdəki səhifələr, geolokasiya məlumatları, audio və video yazıları (o cümlədən real vaxt rejimində) – daxil olmaq olar. Belə proqramlar gizli fon rejimində işləyir və qurban onların mövcudluğundan xəbər tutmur. Stalker proqramı quraşdırmaq və konfiqurasiya etmək üçün cihaza fiziki giriş tələb olunduğunu başa düşmək vacibdir, yəni bunu ona girişi olan bir şəxs edir və çox vaxt bu, qurbanın tərəfdaşı olur.
Təhlükəsiz onlayn tanışlıq üçün nə etməli?
1. Məlumatı yoxlayın: biri ilə şəxsən görüşməzdən və ya həssas məlumatları onunla paylaşmazdan əvvəl sosial media profilləri, axtarış sistemləri vasitəsilə onun kimliyini yoxlayın. İntuisiyanıza etibar edin və şübhəli və ya etibarsız görünən insanla əlaqəni kəsməkdən çəkinməyin.
2. Sındırılma və ya dinləmədən qaçmaq üçün onlayn tanışlıq xidmətlərində şəxsi məlumat mübadiləsi zamanı təhlükəsiz və şifrəli bağlantıdan istifadə edin.
3. Onlayn tanışlıq hesabları üçün güclü və unikal şifrələr yaradın və bir neçə hesab üçün eyni şifrədən istifadə etməyin.
4. İlk şəxsi görüşdə yaxşı işıqlandırılmış ictimai yer seçin və yaxınlarınıza harada olacağınız barədə xəbər verin.
5. Xüsusilə əsassız görünən və ya ünsiyyətin ən başlanğıcında edilən pul və ya digər təkliflərə qarşı ehtiyatlı olun.
6. Əgər onlayn dələduzluğun qurbanı olduğunuzdan şübhələnirsinizsə, hüquq-mühafizə orqanları ilə əlaqə saxlayın və onlayn tanışlıq xidmətinin administratorlarına məlumat verin.
7. Kaspersky Internet Security kimi etibarlı təhlükəsizlik həllərindən istifadə edin. Onunla şəxsi məlumatlarınızı qoruyacaq və sizi fişinq və ya zərərli linklərə klikləmək riskini azaldacaqsınız.