Cənubi Koreyanın “Samsung Electronics” şirkəti sentyabrın 2-də yeni məhsullarını onlayn rejimdə təqdim edəcək.
Eləcə də bax: Ən çox satılan işlənmiş telefonlar "Apple" və "Samsung"dur
FED.az xəbər verir ki, bu barədə korporasiya çərşənbə günü yaydığı press-relizdə məlumat verib.
“Life Unstoppable” adlı tədbirdə şirkət mobil telefonlar, daşınan qurğular, televizorlar, audio və məişət texnikalarındakı son model məhsullarını nümayiş etdirəcəyinə söz verib.
“Qonaqlar interaktiv virtual aləmə səyahət edərək əyləncə, yaradıcılıq və səmərəlilik məqsədlərinə xidmət edən yeni “Samsung” məhsullarını görəcəklər”, - məlumatda deyilir. Amma şirkət 45 dəqiqəlik təqdimat zamanı konkret hansı məhsulların təqdim olunacağını açıqlamayıb.
Qeyd edək ki, avqustun 5-də “Samsung Electronics”in “Galaxy Unpacked” adlı daha bir onlayn tədbiri keçiriləcək. Tədbir zamanı korporasiya beş yeni mobil məhsul təqdim edəcək. “Yonhap” agentliyinin məlumatına görə, bunlar “Note 20” fableti, “Fold 2” və “Flip 5G” bükülələn smartfonları, “Buds Live” simsiz qulaqcıqları və “Watch 3” smartsaatları olacaq. (Report)