Son 1 ildə dünya bazarını sürətlə bürüyən yarımkeçirici çip böhranı bu sahədəki iri şirkətləri bazardan daha iri pay qoparmağa və daha çox qazanmağa həvəsləndirib.
Eləcə də bax: Çip böhranının avtomobil sənayesinə “hədiyyəsi” - 210 MİLYARD DOLLAR
FED.az xəbər verir ki, əsas oyunçulardan biri, Cənubi Koreya nəhəngi Samsung da bu sıranın öncüllərindəndir.
Şirkət öz elektronika bölməsi - Samsung Electronics vasitəsilə ABŞ-da ikinci çip zavodunu inşa etməyə hazırlaşır. Məsələ ilə bağlı məlumatlı mənbələrin Reuters-ə bildirdiyinə görə, şirkət artıq yer seçimini yekunlaşdırıb - Texas ştatının Uilyamson regionu. 17 milyard dollar vəsaitin yatırılacağı zavodun 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılır.
1800 işçinin çalışacağı 6 milyon kvadrat metrlik zavod Samsung-un ABŞ-dakı ikinci belə iri istehsal müəssisəsidir. Şirkətin daha bir çip zavodu Texas ştatının paytaxtı Austindədir. Bununla Samsung həm də yarımkeçirici çip istehsalının əsas regional mərkəzini Asiyadan Amerikaya keçirməyi hədəfləyir.
Hazırda qlobal yarımkeçirici çip bazarının lideri 53%-ə yaxın payla Tayvanın TSMS şirkətidir. Bu ilin iyununa olan məlumata görə, Samsung 17,3% payla ikinci ən böyük təchizatçıdır. (Marja)