Azərbaycanın məişət avadanlıqları və mebel satışı bazarının əsas oyunçularından biri olan «Optimal Elektronika» MMC fəaliyyətinin maliyyə nəticələrini açıqlayıb.
ləcə də bax: “Optimal Elektronika” 2 milyon manata yaxın zərər etdiyini - AÇIQLADI
FED.az şirkətin açıqladığı hesabata istinadən xəbər verir ki, «Optimal Elektronika» iki ildir zərərlə işləyir, işçilərini ixtisar edib və filiallarını bağlayıb.
Hesabata əsasən 2021-ci ildə «Optimal Elektronika»nin əməliyyat gəlirləri 10 milyon manatdan çox və ya təqribən 10% azalaraq 96,1 milyon manat olub. Halbüki, 2020-ci ildə bu rəqəm 106,5 milyon manat idi.
Bundan başqa, şirkət icarədən 560 min manat, digər gəlirlər qismində isə 2 milyon 473 min manat əldə edib.
Nəticədə şirkətin il ərzində ümumi gəlirləri 99 milyon 161 min manat olub. Bu 2020-ci illə müqayisədə 14 milyon manat azdır.
Gəlirlərin azalması nəticəsində 2021-ci ildə «Optimal elektronika»nın xərcləri gəlirlərini üstələyib. Şirkətin xərcləri 101 milyon 753 min manat təşkil edib. 2020-ci ildə bu məbləğ 115,8 milyon manat olmuşdu. Yəni «Optimal Elektronika» xərcləri 14 milyon manat azaltsa da, gəlirləri xərcləri qarşılaya bilməyib.
Nəticədə şirkət ili 1 milyon 747 min manat zərərlə başa vurub.
Qeyd edək ki, «Optimal Elektronika» 2020-ci ildə də 2,4 milyon manat zərər etmişdi.
2021-ci ilin nəticələrinə görə, «Optimal Elektronika»nın aktivləri artıb – təqribən 30 milyon manatlıq artım nəticəsində aktivlərin həcmi 96 milyondan 126 milyon manata yüksəlib.
Amma bu məbləğin yalnız 41 milyon manatı şirkətin kredit portfelində - debitor kreditlərdədir. Son bir ildə kredit portfeli cəmi 3 milyon manat artaraq 38-dən 41 milyon manata yüksəlib.
Aktivlərin artımı əsasən daşınmaz əmlakın və avadanlıqların hesabına baş verib – 21 milyondan 45 milyon manata yüksəlib. Bundan başqa, şirkət qiymətli kağızlara investisiyaları 12 milyon manat artırıb.
Əvəzində 2021-ci ildə «Optimal Elektronika» kapitalını artırıb. Şirkətin nizamnamə kapitalı təqribən 9 milyon mana tartaraq 2,9 milyon manatdan 11,5 milyon manata yüksəlib.
Əlavə olaraq 35,5 milyon manat bölüşdürülməmiş mənfəəti də nəzərə alanda şirkətin cəmi kapitalı 47 milyon manata çatır.
Son bir ildə «Optimal Elektronika»nın öhdəlikləri də kəskin artıb – 53 milyon manatdan 80 milyon manata və ya təqribən 50%. Artımın səbəbi şirkətin böyük məbləğdə uzunmüddətli borc götürməsidir. Bu maddə 23 milyon manatdan 60 milyon manata yüksəlib.
Hesabatdan aydın olur ki, «Optimal Elektronika» son bir ildə işçilərini ixtisar edib və bəzi filiallarını bağlayıb. Belə ki, şirkətin Bakının 28 May ərazisində 2 filialı – 28 May-2 və 28 May-3 filialları bağlanıb. Eləcə də «Optimal Elektronika»nın Göyçay və Şabrandakı mebel filialları bağlanıb. Əvəzində Ağdam və Lerikdə filialları işə düşüb.
Hesabata görə, son yarım ildə «Optimal Elektronika»nın əməkdaşlarının sayı azalmaqdadır. 2021-ci ilin 1-ci rübünün sonunda şirkətin 1152 əməkdaşı, 2-ci rübün sonunda 1154 əməkdaşı, 3-cü rübün sonunda 1116 əməkdaşı, 2021-ci ilin sonunda isə 1096 əməkdaşı olub.
Başqa sözlə son yarım ildə şirkətin işçiləri 60 nəfərə yaxın azalıb.
Qeyd edək ki, bu hesabat «Optimal Elektronika»nın istiqrazlarının buraxılması ilə əlaqədar dərc edilib. Şirkət hər biri 2,5 milyon manat olmaqla, iki hissəli, ümumilikdə 5 milyon manat məbləğində istiqraz buraxmaq niyyətindədir. İstiqrazların illik gəlirliyi 12% təşkil edəcək.