ABŞ-ın prezidenti Donald Trampın tətbiq etdiyi yeni ticarət tarifləri texnologiya sektoruna zərbə vurmaqda davam edir. Bu qərarın ilk nəticələrindən biri olaraq, Sony şirkəti PlayStation 5 Digital Edition konsolunun qiymətini 25% artırdığını elan edib.
Stolüstü kompüter istehsalı 4 dəfəyə yaxın artıb - RƏQƏMLƏR
FED.az xəbər verir ki, əvvəllər Böyük Britaniyada 349,99 funt sterlinqə, Avropada isə 399,99 avroya satılan PS5 Digital Edition artıq müvafiq olaraq 429,99 funt və 499,99 avroya qədər bahalaşıb. Şirkət bu addımı “çətin iqtisadi mühit, yüksək inflyasiya və valyuta dəyişkənliyi” ilə əsaslandırıb.
Bahalaşma yalnız Avropa ilə məhdudlaşmayıb. Avstraliyada PS5 Digital Edition-un qiyməti 599,95-dən 749,95 Avstraliya dollarına, Yeni Zelandiyada isə 699,95-dən 859,95 Yeni Zelandiya dollarına yüksəlib. Standart versiyalarda isə qiymət dəyişməyib.
Azərbaycanda isə son zamanlarda qiymət dəyişikliyi olmayıb. Belə ki, Sony-nin yeni nəsil oyun konsolu PlayStation 5 Slim 1TB modeli hazırda Azərbaycanda endirimli qiymətlərlə satışdadır.
"Kontakt Home" mağazasında bu modelin əvvəlki qiyməti 1 299,99 manat olsa da, nağd alış zamanı 1 199,99 manata təklif olunur.
"İrşad Electronics" mağazasında isə bu konsolun rəsmi qiyməti 1 339,99 manatdır. Lakin nağd alış zamanı 140 manat endirim tətbiq olunur və yekun qiymət 1 199,99 manat təşkil edir.
Trampın yeni tarifləri Yaponiya istehsalçılarını ciddi şəkildə çətin vəziyyətə salıb. 2 aprel tarixində ABŞ Yaponiyadan idxal olunan məhsullara 24%-lik əlavə tarif tətbiq etməyə başlayıb. Nintendo bu səbəbdən Switch 2 cihazının ABŞ üzrə sifarişlərini təxirə salıb. Apple kimi digər şirkətlər də istehsal və satış qiymətlərində artım ehtimalına hazırlaşır. Analitiklərə görə, iPhone 16 Max modelinin qiyməti 1 199 dollardan 2 150 dollara qədər yüksələ bilər.