Bu ilin noyabr ayının sonuna Azərbaycanda fəaliyyət göstərən özünəxidmət terminallarının sayı 2107-yə çatıb. Maraqlıdır ki, bu terminalların yarıdan çoxu artıq regionların payına düşür.
FED.az Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədəki özünəxidmət terminallarının ümumi sayı 41 ədəd və ya 2% artıb.
Terminalların 1025-i Bakıda, 1082-si isə regionlarda yerləşir. Son bir ildə Bakıda terminalların sayı 16 ədəd (1,5%) azalsa da, regionlarda 57 ədəd (5,6%) artıb. Bu, regionlarda nağdsız ödəniş infrastrukturunun inkişaf etdiyini göstərir.
Aylıq dinamikaya nəzər saldıqda isə, oktyabr ayı ilə müqayisədə ölkədəki terminalların sayı 17 ədəd (0,8%) artıb. Bu artımın 3-ü Bakının, 14-ü isə regionların payına düşür.
Xatırladaq ki, bu ilin oktyabrında ölkədə 2090 özünəxidmət terminalı (Bakıda 1022, regionlarda 1068), 2024-cü ilin noyabrında isə 2066 (Bakıda 1041, regionlarda 1025) terminal mövcud idi.










