Bu ilin noyabr ayının sonuna Azərbaycanda quraşdırılmış POS-terminalların ümumi sayı 179 min 162 ədədə çatıb. Onların demək olar ki, hamısı (99%) təmassız ödənişləri dəstəkləyir.
FED.az Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədəki POS-terminalların ümumi sayı 65 min 86 ədəd və ya 57% artıb. Bu, nağdsız ödəniş infrastrukturunun genişlənməsində ciddi bir irəliləyişdir.
POS-terminalların 111 min 251-i (62%) Bakının, 67 min 911-i (38%) isə regionların payına düşür. Son bir ildə həm paytaxtda (+41 min 104 ədəd və ya +58,6%), həm də regionlarda (+23 min 982 ədəd və ya +54,6%) ciddi artım qeydə alınıb.
Aylıq dinamika da yüksəkdir. Oktyabr ayı ilə müqayisədə ölkədə POS-terminalların sayı 6254 ədəd (3,6%) artıb. Bu artımın 4251-i Bakının, 2003-ü isə regionların payına düşüb.
Xatırladaq ki, bu ilin oktyabrında ölkədə 172 min 908 POS-terminal (Bakıda 107 000, regionlarda 65 908), 2024-cü ilin noyabrında isə 114 min 76 (Bakıda 70 147, regionlarda 43 929) POS-terminal mövcud idi.










