Dövlət Miqrasiya Xidməti (DMX) yeni mobil tətbiqi təqdim edib.
FED.az xəbər verir ki, texnoloji yeniliyi ictimaiyyətə təqdim edən DMX rəisi Vüsal Hüseynov uzun müddətdir ki, bu innovasiyanın üzərində işlədiklərini vurğulayıb:
Eləcə də bax: Çindən «Huawei»ə görə, ABŞ-a şok cavab - iPhone7 QADAĞAN EDİLDİ
“Bildiyimiz kimi əcnəbilər ölkəmizə daxil olduqdan sonra vizaların alınmasından başlayaraq ölkəyə daxil olması, müvəqqəti yaşamaq üçün icazələrin alınması və bir sıra daimi yaşayışı ilə bağlı dövlət orqanlarına müraciət edir. Bu xidmətlərin əhəmiyyətli bir hissəsini də DMX təmin edir. Əcnəbilər üçün xidmətlərin daha əlçatımlı olmasını təmin etmək üçün mobil tətbiq hazırlamaq qərarına gəldik.
Qısa olaraq yeni tətbiqimizin ehtiva etdiyi yeniliklərdən danışmaq istəyirəm. Ölkəyə daxil olan əcnəbilər 15 gün ərzində qeydiyyata düşməlidir. Əks halda onun üçün müəyyən məsuliyyət tədbirləri görülür. Həm bu prosesdə məlumatlandırma, həm də asanlaşdırma baxımından mobil tətbiq hazırlanıb. Bu tətbiq Miqrasiya Xidmətinin göstərdiyi bütün elektron xidmətləri özündə cəmləşdirib.
DMX-nin mobil tətbiqini yükləyən əcnəbiyə ölkəmizə gəldiyi gün qeydiyyat barədə xəbərdarlıq edilir. Daha sonra o tətbiq vasitəsilə qeydiyyatdan keçə, müvəqqəti və daimi yaşamaq üçün icazələrin ala, onlayn ödəniş edə, həmçinin ASAN viza və xidmətlərdən yararlana bilər”.
Tətbiq hər üç dildə: Azərbaycan, ingilis və rus dillərində hazırlanıb. Yaxın gələcəkdə isə dil seçimi menyusunun zənginləşdirilməsi planlaşdırılıb.
Xidmət rəisi son olaraq onu da vurğulayıb ki, əcnəbilər mobil tətbiq vasitəsilə Azərbaycanın tarixi, milli adət-ənənələr və ölkəmiz haqqında digər məlumatlarla da tanış ola bilərlər.