Azərbaycanda cari hesablar vasitəsilə müştəri köçürmələrində internet bankçılığın payı 2023-cü ilin 9 ayı ərzində 80 faiz olub.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov Bakıda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda (IBF-2023) deyib.
Onun sözlərinə görə, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda token əməliyyatlarının ümumi məbləği 1,9 milyard manat olub.
"Hesabat dövründə POS terminalların köməyilə həyata keçirilən ödənişlərdə token əməliyyatlarının payı 27 faiz olub. Son il ərzində kartlarla aktiv ödənişlərin məbləği 2 dəfə artaraq 33 milyard manata çatıb. Ötən illərdə nağdsız dövriyyənin payı 1-2 faiz bəndini keçirdisə, bu ilin ötən dövrü ərzində bu göstərici 12,4 faiz bəndi artaraq 54 faizi ötüb", - o deyib. (Trend)