ABŞ-ın mikroprosessorlar istehsalı üzrə ixtisaslaşmış “Intel” şirkəti öz çipinin məhsuldarlığını “Apple”in rəqib modeli ilə müqayisə edib.
Eləcə də bax: “Apple” şirkəti elektromobillərin istehsalına başlayır - FOTOLAR
FED.az xatırladır ki, son vaxtlara qədər «Apple» şirkəti öz noutbuklarında «Intel»in çiplərindən istifadə edirdi. Bir qədər əvvəl isə şirkət kompüterlərdə öz istehsalı olan prosessorları istifadə etməyə başlayıb.
Görünür buna görə, «İntel»in nümayəndələri hansı prosessorun daha yaxşı işlədiyini nümayiş etdirməyi qərara alıblar.
«Intel»in mütəxəssisləri tərəfindən müxtəlif şəraitdə prosessorların gücü, işləmə sürəti və avtonomluğunun müqayisəsi aparılıb.
Testlər zamanı dördnüvəli, 4800 hers takt tezlikli və 16 giqabaytlıq operativ yaddaş dəstəkli “Intel Core i7-1185G7” prosessorlu kompüterdən və “M1” çipli və 16 giqabaytlıq operativ yaddaşa malik “MacBook Pro” noutbukundan istifadə edilib.
Ofis proqramları ilə iş zamanı “Intel” prosessoru rəqib üzərində üstünlük nümayiş etdirib.
Məsələn, “Intel” çipi əsasında kompüter “Apple” noutbuku ilə müqayisədə “Microsoft Powerpoint” vasitəsilə “PDF” formatını 2,34 dəfə tez yaradıb.
“Gigapixel AI” proqram təminatı ilə iş zamanı “Intel” prosessoru 6 dəfə üstünlük nümayiş etdirib, “Photoshop” və “Lightroom Classic” testlərində isə çip 1,5 dəfə sürətli olub.
“Intel” mütəxəssisləri qeyd edib ki, “M1” çipi proqram təminatında uyğunluq problemi ilə əlaqədar iyirmi beş testin səkkizini yerinə yetirə bilməyib. Xatırladaq ki, “WWDC-2020” konfransı zamanı “Apple” şirkəti bəyan edib ki, artıq kompaniya kompüterləri öz istehsalı olan prosessorlara keçirir və “Intel” çiplərindən imtina edir.