“Apple” şirkəti öz adını daşıyacaq elektromobillərin istehsalı üçün “Hyundai” və KIA ilə əməkdaşlıq planları barədə danışıb.
FED.az xəbər verir ki, bu barədə avtovesti.ru saytı məlumat yayıb.
Bildirilir ki, şirkət avtomobili ABŞ-ın Corciya ştatının Vest-Poynt şəhərindəki KIA montaj zavodunda istehsal etməyi planlaşdırır.
“Apple Car” adını alan pilotsuz elektromobilin artıq 2024-cü ildə istehsalına başlanılması planlaşdırılır. Sürücüsüz nəqliyyat vasitəsinin rəqibinin isə pilotsuz elektromobil bazarında yerini möhkəmlədən “Tesla”nın olacağı düşünülür.
Bəzi mənbələrə görə, “Apple” elektromobilində nə sürücü oturacağı, nə də idarəetmə sistemi olacaq ki, bu da avtomobilini idarə etməyi sevən sürücülər üçün pis xəbər ola bilər.
“Apple Car”ın salonu daha çox ətrafındakı informativ əyləncə displeyləri (qapılarda belə) və jestlərin köməyi ilə idarə sistemləri olan kabinəyə bənzəyəcək. Xarici görünüşcə isə avtomobilin dizaynı kompüter siçanını xatırladacaq.