“Apple” şirkəti Hindistanda yeni “iPhone 12” smartfonlarının mümkün istehsalının təşkilini nəzərdən keçirir. “Made in India” adlı ilk “iPhone 12” modellərinin 2021-ci ilin ortalarında satışa çıxarılacağı gözlənilir.
Eləcə də bax: «Dünya Fabriki»nın sonu – ŞİRKƏTLƏR ÇİNİ TƏRK EDİRLƏR
FED.az xəbər verir ki, hazırda Hindistanın “Foxconn” zavodunda “iPhone 11” smartfonları istehsal olunduğu halda əvvəllər ölkədə yeni nəsil “Apple” modelləri istehsal edilməyib. Məlumata görə, ilin sonunadək Hindistanda yazda təqdim edilən yeni “iPhone SE” modelinin istehsalı işə salınacaq. Hazırda “Apple” şirkəti “iPhone SE”, “iPhone 6S”, “iPhone 7”, “iPhone XR” və “iPhone 11” smartfonlarının buraxılışı üçün yerli istehsal gücündən istifadə edir.
Bildirilir ki, “Apple” kontrakt istehsalçısı qismində çıxış edən Tayvanın “Wistron” şirkəti artıq Hindistanın cənubunda yerləşən zavodda yeni “iPhone” modellərinin sınaq istehsalına başlayıb. Bundan başqa, “Wistron” 10 min nəfərdən ibarət olacaq yeni bölməyə əməkdaşların qəbulunu həyata keçirir. Hazırda təxminən min nəfər işə başlayıb, zavod tam gücü ilə istehsala isə oktyabrda hazır olacaq. “Wistron” istehsalının genişləndirilməsi “Apple” şirkətinin ortamüddətli hədəflərinə uyğundur və “Made in India” qurğular portfelini ən yeni modellərlə genişləndirməyə imkan verəcək.
Koronavirus pandemiyasına görə yeni “iPhone” modellərinin buraxılışı həmişəkindən bir qədər gec baş tutacaq. “Ötən il biz yeni “iPhone”ları sentyabrın sonunda satmağa başladıq, bu il isə tədarüklərə bir neçə həftə sonra başlanacağı gözlənilir” – deyə, “Apple” maliyyə direktoru Luka Maestri bildirib.
© "Azərtac"