Fransa hökuməti bütün dövlət qulluqçularını rəsmi yazışmalar üçün yerli istehsal olan “Tchap” adlı mesajlaşma tətbiqinə keçməyə məcbur edib. Bu barədə Fransanın nüfuzlu qəzetlərindən biri olan “Le Figaro” məlumat yayıb.
"ChatGPT"nin bazar payı son bir ayda azalıb
FED.az xəbər verir ki, 1 sentyabrdan etibarən dövlət işçiləri və bütün nazirlik əməkdaşları, eləcə də Nazirlər Kabinetinin üzvləri yalnız “Tchap” üzərindən ünsiyyət qurmalı və rəsmi məlumatları paylaşmalıdırlar. Bu qərar Baş nazir Fransua Bayru tərəfindən yayılan yay dövründəki daxili sənəd əsasında qüvvəyə minib.
“Tchap” tətbiqi Fransanın Rəqəmsal Texnologiyalar üzrə İdarələrarası Direktorluğu (DINUM) və Milli İnformasiya Sistemləri Təhlükəsizliyi Agentliyi (ANSSI) tərəfindən hazırlanıb. Tətbiqin əsas məqsədi dövlət strukturları arasında aparılan peşəkar yazışmaların təhlükəsizliyini təmin etmək və məlumat sızıntısının qarşısını almaqdır.
Fransa hökuməti bu addımı vatsap və teleqram kimi məşhur ani mesajlaşma xidmətlərində təhlükəsizlik boşluqlarının olması ilə izah edir. Rəsmilər hesab edir ki, bu platformalar rəsmi yazışmalar üçün yetərincə güvənli deyil və xarici müdaxilələrə açıq ola bilər.
“Tchap” isə məhz bu riskləri azaltmaq və dövlət məlumatlarını daxili, nəzarət olunan bir platformada qorumaq üçün yaradılıb. Beləliklə, bu Fransa dövlətinin kibertəhlükəsizlik sahəsində daha sərt və məqsədyönlü addımlarından biridir. (Azərtac)