Son vaxtlar sosial şəbəkələrdə saxta iş elanları yayaraq dələduzluq edənlər yeni metoda əl atırlar.
Saxta iş elanlarından zərər çəkən şəxs - NƏ ETMƏLİDİR?
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycanın mobil operatorlarına məxsus nömrələrə oxşayan, əslində isə xarici ölkələrə məxsus saxta nömrələrdən vətəndaşlara iş təklifləri ilə bağlı həvəsləndirici mesajlar daxil olur. Demək olar ki, hər kəsin telefonuna belə iş elanları gəlir və daha sonra yazışamalar vatsap üzərinə yönləndirilir.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bu kimi hallarla qarşılaşaraq dələduzluqla üzləşən şəxslərin polisə müraciət etməli olduğunu deyib: “Son dövrlərdə saxta iş elanları paylaşaraq dələduzluq edənlərə tez-tez rast gəlinir. Onlar elan saytları vasitəsi ilə yüksək maaşla iş təklif edirlər. İşlə bağlı onlara müraciət edənlərdən də müəyyən məbləğdə rüsum istəyirlər. Daha sonra isə həmin şəxslərlə əlaqə saxlamaq mümkün olmur.
Həmin şəxslər adətən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edir və yazışmanı vatsap vasitəsilə aparırlar. Bu kimi neqativ halların qarşısını almaq məqsədilə polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında əməliyyat texniki əməliyyat axtarış və əməliyyat istintaq tədbirləri görülməklə hal araşdırılır və qanunamüvafiq şəkildə təmin olunur”.
“DİN bir daha vətəndaşları internet üzərindən edilən təkliflərlə bağlı diqqətli olmağa çağırıb: “Həmçinin tanımadığınız şəxslərə etibar etmədiyiniz şirkətlərə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşdiyiniz təqdirdə DİN-in "102 – Xidməti Zəng Mərkəzi” vasitəsi ilə məlumat verə bilərsiniz”.