Bəzi hallarda sosial şəbəkələrdə yayılan saxta iş elanlarından bir çox insanın zərər çəkdiyi müşahidə olunur. Belə ki, irəli sürülən şərtlərlə bağlı vətəndaş iş yerinə müraciət etdikdə, ya ona geridönüş edilmir, ya da vakansiyalara qoyulan şərtlər reallığa uyğun olmur. Bununla da vətəndaşların hüquqları pozulur. Bəs hüquqları pozulmuş vətəndaş hansı addımları atmalıdır?
«İnternetdəki «asan uduşlara» və «böyük pul mükafatlarına» inanmayın» - MƏŞHUR ŞİRKƏTDƏN XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, vəkil İlkin Alızadə mövzu ilə bağlı açıqlamasında bildirib ki, belə müəssisələrin ümumiyyətlə, vətəndaşı işə götürmək niyyəti yoxdur, sadəcə balansı doldurmaq üçün bu cür addımlar atılır:
“Bəzi hallarda iş yeri mövcud olur, lakin elə şərtlər qoyulur ki, həmin tələblərə vətəndaş cavab vermir. Həmin tələblər reallığı əks etdirmir. İşə götürmək üçün məşhur saytlar var və vətəndaşlar da ən çox belə saytlara müraciət edir. Məsələn, vətəndaş hər hansı bir iş elanı ilə bağlı rayondan gəlir və həmin elanın real olmadığını görür. Bu halda o, çəkdiyi xərclə bağlı konpensasiya qaydasında həmin müəssisəyə ərizə ilə müraciət edə bilər. Əgər müəssisə tərəfindən real olmayan hansısa cavab verilirsə, pozulmuş hüquqlarının bərpası ilə bağlı vətəndaş məhkəməyə müraciət edə bilər. Düzdür, statistikada məhkəmələrin o işə baxmağı və bu barədə hansısa qərar verməsi ilə bağlı elə bir təcrübə yoxdur. Lakin bunu formalaşdırmaq olar. Bəzi qonşu ölkələrdə, məsələn, Türkiyədə, Gürcüstanda vətəndaş itirilmiş vaxtın kompensasiyası ilə bağlı məhkəməyə müraciət edə bilir. Əgər müəssisənin həqiqətən də qanuni fəaliyyəti varsa, belə məsələ ilə bağlı ilk növbədə müəssisənin özünə müraciət edilməlidir. Müəssisə ümumiyyətlə, mövcud deyilsə, müraciətin artıq effekti yoxdur”.
İ.Alızadənin sözlərinə görə, müəyyən agentliklər olur ki, onlar ümumiyyətlə kölgə kimidir, fəaliyyət göstərmirlər və ya hansısa MMC-lər mövcuddur, adı var lakin faktiki heç bir fəaliyyəti yoxdur: “Çünki onlarla bağlı bir məsuliyyət də yoxdur. Məsələn, şəxs hər hansısa MMC-də təsisçi ola bilər, lakin onunla bağlı hansısa vergi öhdəliyi və ya hansısa məsuliyyəti olmur. Azərbaycanda belə fəaliyyət göstərən müəssisələr çoxdur. Bunun üçün vətəndaş müraciət etdiyi müəssisənin məlumatlarına baxmalı, şirkətin mövcudluğu barədə araşdırma aparmalıdır”, – deyə o bildirib. (e-hüquq.az)