Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC 2019-cu ili 2,721 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2018-ci ildən 1,156 milyon manat zərərlə çıxmışdı.
Eləcə də bax: “Azərpoçt” Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbulunu - Həyata Keçirir
FED.az xəbər verir ki, ötən il “Azərpoçt”un gəlirləri 45,156 milyon manat (illik müqayisədə 1% az), xidmətlərinin maya dəyəri 26,306 milyon manat (10,8% az), sair əməliyyat gəlirləri 3,030 milyon manat (2,9 dəfə çox), əməliyyat xərcləri 18,452 milyon manat (2,2% çox), xarici valyutada mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlir çıxılmaqla zərəri zərəri 46 min manat (6,5 dəfə az), maliyyə gəlirləri 61 min manat (6,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 601 min manat (12,7 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərpoçt”un aktivləri 186,361 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 26,6% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 40,2% artaraq 127,148 milyon manata, balans kapitalı isə 4,8% artaraq 59,213 milyon manata çatıb.
Xatırladaq ki, “Azərpoçt” 1999-cu ildən fəaliyyət göstərən “Azərpoçt” Dövlət Müəssisənin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73,344 milyon manatdır. (Report)