Qlobal iqtisadiyyatda baş vern proseslər özünü kosmik sənaye və peyk xidmətləri sahəsində də göstərir.
"Azərkosmos"un ixrac gəlirləri - 44% AZALIB
FED.az xəbər verir ki, bu barədə «Azərkosmos» dövlət şirkətinin idarə heyətinin sədri Səməd Əsədov 2022-ci ilin yanvar-noyabr aylarında «Azərkosmos»un xarici partnyorlara göstərilən xidmətlərdən gəlirlərinin azalmasını şərh edərkən bildirib.
Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommuniksiyası Mərkəzinin açıqladığı İxrac İcmalına əsasən 2022-ci ilin yanvar-oktyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 40 ölkəsinə 21,7 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə «Azərkosmos»un xaricə xidmət ixracı 18 milyon dollar və ya 44% azalıb. Ötən ilin eyni dövründə «Azərkosmos» dünyanın 41 ölkəsinə 39 milyon dollarlıq məhsul ixrac etmişdi.
2022-ci ilin yanvar-oktyabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində 5,5 milyon dollarla Birləşmiş Krallıq, 4,6 milyon dollarla Fransa, 3,6 milyon dollarla Lüksemburq, 1,9 milyon dollarla BƏƏ və 1,2 milyon dollarla Pakistan qərarlaşıb.
Səməd Əsədov FED.az-a bildirib ki, göstərilən xidmətlərin həcminin azalması qlobal iqtisadiyyatda baş verən dəyişikliklər və iqtisadi böhranla bağlıdır: «Qlobal iqtisadiyyatda baş verən çətinliklər və inflyasiyanın bütün iqtisadi sektorlara mənfi təsir göstərməsi labüddür və bu proses kosmik sənayeyə də mənfi təsir göstərir. «Azərkosmos»un gəlirləri dünyanın 40-dan çox ölkəsində 300-dən çox müştəridən əldə edilir. Peky xidmətərindən gəlirlər hansısa il azala və ya arta bilər. Bu ümumdünya fəaliyyəti ilə bağlı olan məsələdir. Üzümüzə gələn illərdə gəlirlərin artımını planlaşdırırıq».