Xəbər verildiyi kimi, təqribən 1 ay əvvəl, aprel ayının ortalarında Azərbaycanın kosmosdakı «Azersky» peyki ilə əlaqə kəsilib, peyk fəaliyyətini dayandırıb.
«Azərkosmos» rəhbəri: «10 ildə yarım milyard gəlir əldə etmişik, 90%-i xarici müştərilərindir»
FED.az xəbər verir ki, peyklə əlaqə itiriləndən sonra dəyən zərərə görə sığorta ödənişi proseduruna start verilib.
Qeyd edək ki, «Azersky», Azərbaycanın digər peykləri kimi, sığortalanıb. FED.az xəbər verir ki, «Azərsky» peyki «Paşa Sığorta» şirkətində sığortalanıb. 2023-cü ilin yanvarında keçirilən tenderin qalibi olan «Paşa Sığorta» 518 min manat sığoğrta haqqı müqabilində «Azərsky» peykini 45 milyon manata sığortalayıb. Baş verən hadisəyə görə sığorta ödənişini də sözügedən şirkət ödəyəcək.
«Azərkosmos»un idarə heyətinin sədri Saməddin Əsədov FED.az-a bildirib ki, sığorta ödənişinin alınması prosesi təqribən 4-6 ay davam edəcək.
Onun sözlərinə görə, sığorta ödənişi təkcə «Paşa Sığorta» tərəfindən deyil, həm də peykin təkrar sığortasının həyat keçirildiyi təkrarsığorta şirkətləri sindikatı tərəfindən ediləcək: «Orada təqribən 20 şirkət var və onların bu hadisə ilə bağlı çoxsaylı sualları var. Əvvəlcə bu sualları cavablandırmalıyıq».
Xatırladaq ki, «Azersky» peykinin 10 illik müddətdə istismarı nəzərdə tutulurdu. Peyk isə 9 ildən sonra, yəni istifadə müddətinin bitməsinə 1 il qalmış sıradan çıxıb.
Bundan başqa, Azərbaycanın 2 peyki var və onlar normal şəkildə fəaliyyətini davam etdirir.