Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 893,9 mln. manat təşkil edib.
Eləcə də bax: Azərbaycan mobil internetin qiymətinə görə dünyada - 100-CÜ YERDƏDİR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 53 mln. manat və ya 6,3% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42,4%-ni təşkil edib.
Bu ilin oktyabr ayı ilə müqayisədə isə noyabrda mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi 3,1 mln. manat və ya 3,6% azalıb. Noyabrda 83,6 mln. manat dəyərində gəlir əldə olunub.
Komitədən həmçinin bildirilib ki, cari ilin ilk 11 ayında ümumi olaraq informasiya və rabitə müəssisələri tərəfindən 2109,0 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 75,4%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 5,7% artıb.