Qırğızıstan mobil internetin ucuzluğuna görə dünya reytinqində ikinci yerdədir.
Eləcə də bax: Azərbaycanda mobil və sabit internetin sürəti oktyabrda - KƏSKİN AZALIB
FED.az xəbər verir ki, bu barədə çərşənbə günü Böyük Britaniya “Cable” şirkətinin apardığı araşdırma əsasında Qırğızısıtanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.
“Böyük Britaniyanın “Cable” analitik resursunun reytinqinə əsasən, Qırğızıstan Mərkəzi Asiya ölkələri arasında ən sürətli internetə malikdir. Bununla yanaşı, Qırğızıstan yuxarıda göstərilən resursa görə, mobil internetin ən aşağı qiymətinə görə dünyanın 230 ölkəsi arasında ikinci yeri tutur”, - deyə məlumatda bildirilir.
Bu göstəriciyə görə Qırğızıstan İsraildən sonra ikinci yerdədir.
Son 20 ildə ölkənin 6,7 milyon sakinindən 5,7 milyonu internet istifadəçisi olub.
“Bu, əhalinin təxminən 85%-ni təşkil edir, 2021-ci ildə 1 GB mobil internetin orta pərakəndə satış qiyməti 0,15 dollar, ölkədə ən ucuz trafik isə 0,10 dollar təşkil edir”, - Rəqəmsal Texnologiyalar Nazirliyindən bildiriblər.
Nazirlik qeyd edib ki, Qırğızıstanda internet istifadəçilərinin sayında kəskin artım koronavirus infeksiyası pandemiyasının başlanmasından sonra, məktəblilərin və tələbələrin tədris prosesinin distant formata keçirilməsi, əməkdaşların distant işləməyə göndərilməsi ilə baş verib.
“Mobil internetə çıxış respublikanın telekommunikasiya bazarının ən sürətlə inkişaf edən seqmentlərindən biridir. Bölgədə internet xidmətlərinin populyarlaşması mobil rabitənin əhatə dairəsinin genişlənməsi ilə eyni vaxta düşüb. Bu gün ölkədə hər yerdə mobil texnologiyalardan istifadəyə tələbat və imkanlar artmaqdadır ki, bu da Qırğızıstanın demək olar ki, hər yerində simsiz internet xidmətlərini əldə etməyə imkan verir”, - deyə məlumatda bildirilir.
Hazırda respublikanın yaşayış məntəqələrinin 98,6 faizi 2G, 93,8 faizi isə 4G texnologiyası ilə əhatə olunub.
Qeyd edək ki, "Cable” analitik resursunun reytinqində Azərbaycan mobil internetin ən aşağı orta qiymətinə görə 230 ölkəsi arasında 100-cü yerdərir. Azərbaycanda 2021-ci ildə 1 GB mobil internetin orta pərakəndə satış qiyməti 1,82 dollar, ən ucuz trafik isə 0,24 dollar təşkil edib. (Marja)