Azərbaycanın əsas internet təminatçısı olan, ölkədəki dövlət və özəl qurumların əksəriyyətinin internet təminatını həyata keçirən «Delta Telecom» 2021-ci il üzrə hesabatını açıqlayıb.
Tenderin qalibi "Delta Telekom" oldu - NƏTİCƏ, MƏBLƏĞ
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2021-ci ildə «Delta Telecom»un satış gəlirləri azalaraq 67,2 milyon manatldan 66,4 milyon manata düşüb – da ha dəqiqi 66 milyon 382 min manat təşkil edib.
Bu dövrdə şirkətin cəmi əməliyat xərcləri 36 milyon manat olub. Nəticədə «Delta Telecom» 2021-ci ili 30 milyon 354 min manat xalis əməliyyat mənfəəti ilə tamamlayıb. Bundan 6,4 milyon manat mənfəət vergisi kimi ödənilib, nəticədə «Delta Telecom» 2021-ci ili 23 milyon 919 min manat xalis mənfəətlə tamamlayıb. Bu 2020-ci ilin göstəricisindən 5 milyon manata yaxın artıqdır.
Qeyd edək ki, 2020-ci ildə şirkətin xalis mənfəəti 19 milyon 119 min manat olmuşdu.
Gəlirlərin azaldığı bir vaxtda «Delta Telecom»un mənfəətinin artması şirkətin xərclərini azaltması ilə bağlıdır. Belə ki, 2020-ci ildən fərqli olaraq şirkət 2021-ci ildə quraşdırma və kabel işləri xərclərini 5 milyon manat azaldaraq 7 milyondan 1,6 milyon manata endirib.
«Delta Telecom»un satışları ilə bağlı daha bir maraqlı məqam: 2021-ci ildə şirkətin İnternet traffiki satışı artsa da, avadanlıq satışı 10 dəfə azalıb.
Belə ki, 2020-ci ildə şirətin intetnet trafiki satışı 64,8 milyon maat, 2021-ci ildə isə 65,8 milyon manat olub. Avadanlıq satışı isə 2020-ci ildə 2,1 milyon manat olduğu halda, 2021-ci ildə cəmi 206 min manat təşkil edib.
2021-ci ildə «Delta Telecom»un aktivləri 4 milyon manatdan çox artaraq 172,6 milyon manatdan 176,8 milyon manata yüksəlib. Artımın əsas səbəbi şirkətin debitor borclarının artımı olub – 31 milyon manatdan 38 milyon manata yüksəlib.
Şirkətin öhdəlikləri isə 3 milyon manat azalaraq 36 milyon manatdan 33 milyon manata enib. Bunun 20 milyon manatı kredit borclarıdır.
Yeri gəlmişkən kredit borclarının 17,3 milyon manatı xarici şirkətlərə, 2,8 milyon manat isə yerli şirkətlərədir.
«Delta Telecom»un iqtisadi vəziyyətinə və mənfəət səviyyəsinə ölokənin əksər iri şirkətləri, o cümlədən bankların əksəriyyəti həsəd apara bilərlər. Şirkətin cəmi kapitalının məbləği aktivlərinin məbləğinin 80%-i keçir – 143 milyon manat. Öhdəliklər isə aktivlərin yanında 20%-dən də aşağıdır.
Amma məsələ təkcə maliyyə göstəricxilərindən getmir. Şirkətin iqtisadi imkanları, müştəri və sifariş portfeli olduqca böyükdür. «Delta Telecom 2000-ci ildən telekommunikasiya və informasiya texnologiyaları bazarında müvəffəqiyyətlə fəaliyyət göstərən Qafqaz regionunda yeganə aparıcı operatordur»-deyə şirkətin özündə bildirirlər.
Hazırda «Delta Telecom» korporativ sifarişçilər, dövlət strukturları, banklar, özəl müəssisələr, 78% Qafqaz İSP-ləri və Azərbaycanda olan bütün İSP-lər üçün kompleks şəkildə həllərin tətbiqi üzrə xidmətlər təqdim edir.
Hazırda şirkətin müştəriləri arasında Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Bank Respublika, Vergilər Xidməti, “Azercot” şirkəti, Respublika Seysmik Mərkəzi, Dövlət Gömrük Komitəsi, XTMD, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd xidməti, Yol polisi, Fövqəladə Hallar Nazirliyi, Respublikanın bütün rayonlarının İcra orqanları və sairə təşkilat və müəssisələri «Delta Telecom»un müştəriləridir.
«Hazırda Delta Telecom magistral şəbəkədə məlumatların aktual ötürülmə sürəti Azərbaycan İnterneti seqmentinin real tələbatlarını dəfələrlə ötür»-kimi açıqlama şirkətin imkanlarının hansı səviyyədə olduğunu göstərir.