Bu ilin noyabr ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankomatların (ATM) sayı 3548-ə çatıb. Onların 1918-i Bakının, 1630-u isə regionların payına düşür.
FED.az Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədəki ATM-lərin ümumi sayı 278 ədəd və ya 8,5% artıb. Bu artımın əsas hissəsi paytaxt Bakının payına düşür. Belə ki, son bir ildə Bakıda ATM-lərin sayı 167 ədəd (9,5%), regionlarda isə 111 ədəd (7,3%) artıb.
Aylıq dinamikaya nəzər saldıqda isə, oktyabr ayı ilə müqayisədə ölkədəki bankomatların sayı 32 ədəd (0,9%) artıb. Bu artımın 24-ü Bakının, 8-i isə regionların payına düşür.
Xatırladaq ki, bu ilin oktyabrında ölkədə 3516 bankomat (Bakıda 1894, regionlarda 1622), 2024-cü ilin noyabrında isə 3270 (Bakıda 1751, regionlarda 1519) bankomat mövcud idi.












