Ölkədə nağdsız ödənişlərin aparılmasında bank kartları əsas ödəniş aləti kimi istifadə olunur. 2023- cü ildə ölkədə nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb, təmassız texnologiyaların, elektron ticarətin istifadəsi genişlənib. Belə ki, 01.01.2024-cü il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 16.9 mln. ədəd təşkil etmiş və bu kartların 77%-i təmassız ödənişləri dəstəkləyib.
FED.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”da bildirilib.
2022- ci il ilə müqayisədə ödəniş kartlarının sayı 24%, o cümlədən təmassız kartların sayı 32% artıb. Emissiya edilən ödəniş kartlarının 87%-ni (14.7 mln. ədəd) debet kartlar, 13%-ni (2.2 mln. ədəd) isə kredit kartları təşkil edib. 2023-cü il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2022-ci il ilə müqayisədə 56% artaraq 88.1 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 49 mlrd. manat olub.
Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2022-ci il ilə müqayisədə 12.4% bəndi yüksələrək 55.6%-ə bərabər olub. Ölkədə ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. 2023-cü il ərzində elektron ticarət əməliyyatlarının sayı 2022-ci il ilə müqayisədə 2.2 dəfə artaraq 563.4 mln. ədəd, həcmi isə 2.1 dəfə artaraq 39.2 mlrd. manat olub. Təsərrüfat subyektlərində 2023-cü il ərzində POS-terminallar vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2022- ci il ilə müqayisədə 2.1 dəfə artaraq 416.6 mln. ədəd, həcmi isə 68.5% artaraq 9.8 mlrd. manat olub. O cümlədən, 2023-cü il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2022-ci il ilə müqayisədə 2.2 dəfə artaraq 401.1 mln. ədəd, həcmi isə 82.5% artaraq 8.9 mlrd. manat olub.