01.01.2024-cü il tarixinə ölkə üzrə quraşdırılmış bankomatların sayı 3112, POS-terminalların sayı 86383, ödəniş terminallarının sayı isə 2106 ədəd olub.
FED.az xəbər verir ki. bu, Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”da bildirilib.
2023-cü il ərzində ölkə üzrə bankomatların sayında 1.4%, regionlarda yerləşən bankomatların sayında isə 0.9% artım müşahidə edilib. 01.01.2024-cü il tarixinə ölkədə dövriyyədə olan POS-terminalların sayı ötən illə müqayisədə 8.2% artaraq 86,383- ə bərabər olub.
Təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə müvafiq dövr ərzində 19.2% artaraq 82,992 ədəd təşkil edib. Quraşdırılmış POS-terminalların 96.1%-i təmassız ödənişləri dəstəkləməkdədir. Regionlarda pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmış POS-terminalların sayı 2,896 və ya 11.6%, o cümlədən təmassız ödənişləri dəstəkləyən POS-terminalların sayı isə 6,998 və ya 35.3% artıb. 2023-cü ilin dekabr ayının sonuna olan göstəricilərə əsasən, pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmış POS-terminalların 60%-i aktiv istifadə olunmuşdur. 2023-cü ilin sonuna banklar tərəfindən quraşdırılmış ödəniş terminallarının sayı 2022-ci ilin sonu ilə müqayisədə 3.8% artaraq 2,106 ədəd təşkil edib. Bakı şəhərində yerləşən ödəniş terminallarının sayında 6.9% azalma, regionlarda yerləşən ödəniş terminallarının sayında isə 16.6% artım müşahidə olunub.