2023-cü il ərzində ölkədə Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS, AÖS) vasitəsilə aparılan əməliyyatların ümumi həcmi 766.4 mlrd. manat, sayı isə 147.7 mln. ədəd təşkil edib.
FED.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”da bildirilib.
Hesabat dövrü ərzində Milli Ödəniş Sisteminin əsas komponentləri olan iri və təcili ödənişlər üzrə “Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi” (AZİPS) üzrə keçən ödənişlərin sayı 2.1 mln. ədəd, həcmi 716.3 mlrd. manat, xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən “Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi” (XÖHKS) üzrə isə ödənişlərin sayı 145 mln. ədəd, həcmi 49 mlrd. manat olub. 2023-cü il ərzində AÖS vasitəsilə həyata keçirilən əməliyyatların sayı 587.6 min ədəd, həcmi isə 1.1 mlrd. manat olub. 2022-ci il ilə müqayisədə aparılan əməliyyatların həcmində AZİPS üzrə 2.4 dəfə, XÖHKS üzrə isə 16.9%, AÖS üzrə isə 91.8% artım müşahidə olunmuşdur. Milli Ödəniş Sistemi vasitəsilə kommersiya bankları tərəfindən aparılmış köçürmələrin sayı və həcmi 2022-ci illə müqayisədə müvafiq olaraq 51.1% və 2 dəfə artıb.