Yeni bir kiber dələduzluq növü çox sürətlə Azərbaycanda yayılır. Vəfat edən insanların, yaşlı adamların, köhnə nömrələrin, "WhatsApp"ı və "Telegram"ı olmayan abunəçilərin nömrələrində hesablar açılır və həmin hesablarda şəxslərin profil fotolarından, məlumatlarından istifadə edilərək, dost və qohumlarından borc, yardım istənilir.
Eləcə də bax: Azərbaycanda elan saytlarında yeni dələduzluq – 3000-5000 MANAT İTİRƏNLƏR VAR
FED.az xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas məlumat verib.
Onun sözlərinə görə, kiber dələduzluğun bu növünün qurbanları da çoxdur.
"İki gün əvvəl bir dostumuzun həyatını itirmiş babası "WhatsApp" hesabı açıb və insanlara yazmağa başlayıb. İşin qorxulu tərəfi odur ki, təsdiqləmə kodu olmadan dələduzlar bunu edə bilir. Çox diqqətli olmaq lazımdır və təcili "WhatsApp"da 2 mərhələli girişi aktivləşdirməlisiniz".
Texnobloqer onu da qeyd edib ki, hazırda qurbanlar hesablarını bərpa edə bilmirlər.
"Çünki dələduz o qədər insana spam, borc istək mesajı atır ki, "WhatsApp" həmin nömrələri bloklayır və nömrəyə qadağa qoyur", - deyə ekspert qeyd edib. (Trend)