Azərbaycanda elan saytların vasitəsilə son vaxtlar yeni dələduzluq üsulu yayılıb.
FED.az xəbər verir ki, bu barədə texnologiyalar üzrə mütəxəssis Fərid Pardaşünas bildirib.
Onun sözlənrinə görə kiber dələduzluq üsulu bu dəfə fərqlidir: «Mənə yazan zərərçəkənlər, 2500, 5000 AZN itiriblər. Dələduzluğun yenə də mənbəyi elan saytlarıdır. Amma metod bu dəfə fərqlidir».
Belə ki, elan saytlarında satışa qoyulan əşyaları almaq üçün satan şəxsə xarici nömrələrdən mesajlar gəlir. Lakin bi dəfə dələduzlar belə hallarda çox istifadə olunan ənənəvi olaraq kart məlumatı istəmirlər.
«Satışa qoyduğunuz məhsulu almaq üçün sizdən şəxsiyyət vəsiqənizi istəyirlər ki, guya real adam olduğunuzu yoxlasınlar.
Siz onlara vəsiqənizin şəklini göndərəndə, FIN kodunuz vasitəsilə bir-bir mobil bankların tətbiqlərində şifrə bərpa əməliyyatları edib, müştərisi olduğunuz bankı tapırlar. Daha sonra sizi manipulyasiya edib, guya ödəmə etmək üçün nömrəyə gələn kodu istəyirlər. Zərərçəkmişlər heç bir bank məlumatı vermədiyini düşünürək, rahatlıqla həmin kodu qarşı tərəfə deyirlər. Beləcə, bank tətbiqi dələduzun əlinə keçir və dələduz hesablarınızın hamısına giriş edərək "card to card" əməliyyatlara başlayır».
F.Pardaşunas bildirib ki, belə fırıldağın qurbanı olan insanlar elan saytlarında 3000-5000 manat həcmində vəsait itiriblər. «Son yazan 3 zərərçəkənin itirdiyi məbləğin cəmi 12.000 manatdan çoxdur. Ölkə xaricindən edilən bu dələduzluqlar böyük bir mafiya və dələduz qruplaşması tərəfindən idarə olunur. Çox təəssüflə bildirirəm ki, bu itən pulları 99% hallarda geri qaytarmaq mümkün deyil»-deyə ekspert bildirir.
Ekspert elan saytlarında kiber hücum qurbanı olmamaq üçün istifadəçilərə 4 qayda tövsiyə edib:
- Görmədiyiniz adama məhsul satmayın.
- WhatsApp və zəng ilə sizinlə əlaqəyə keçənlərə kart məlumatlarızı verməyin.
- Şəxsiyyət vəsiqənizi qəti şəkildə tanımadığınız adamlarla bölüşməyin, o cümlədən alıcıya şəxsiyyət vəsiqənizi göndərməyin.
- 3D təhlükəsizlik kodunu (2 mərhələli təsdiq kodlarını) hətta ən yaxın adamlara da verməyin, Bu kod yalnız kart sahibi üçündür.