Bu ilin oktyabr ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 29,61 Mbit/s təşkil edib.
Eləcə də bax: Nazirlikdə provayderlər ilə internetin keyfiyyəti və tarifləri - MÜZAKİRƏ OLUNDU
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, "Ookla"nın "Speedtest Global Index"in məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici sentyabr ayı ilə müqayisədə 27,2% azalıb. 2021-ci ilin oktyabrında ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti sentyabr ayının göstəricisi ilə müqayisədə 43,7% azalaraq 8,66 Mbit/s olub.
Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti isə müvafiq olaraq 28,61 Mbit/s və 8,38 Mbit/s təşkil edib. Oktyabr ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 141 ölkə arasında 5 pillə geriləyərək 61-ci yerdə qərarlaşıb.
Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (130,19 Mbit/s), Norveç (107,50 Mbit/s) və Cənubi Koreya (98,93 Mbit/s) daxil olub.
Reytinqə əsasən, bu ilin oktyabr ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 15,48 Mbit/s, çıxış sürəti isə 16,48 Mbit/s təşkil edib. Bu göstəricilər sentyabr ayı ilə müqayisədə müvafiq olaraq 38,3 və 38,7% azalıb. Oktyabr ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 181 ölkə arasında 123-cü yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Sinqapur – 188,11 Mbit/s, Tayland – 173,44 Mbit/s və Honkonq (SAR) - 170,48 Mbit/s olub.
Oktyabrda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 56,09 Mbit/s və 23,56 Mbit/s təşkil edib.