Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə blankları”nın daşıyıcılar arasında bölüşdürülməsini Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) İctimai Birliyi həyata keçirəcək.
FED.az bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı nazirlik və ABADA arasında razılaşma əldə edilib.
Razılaşmanın tətbiqi nəticəsində avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması təmin ediləcək. Məqsəd avtomobil daşıyıcılarının beynəlxalq avtomobil daşımaları bazarına çıxışının tənzimlənməsi, inhisarçılığın qarşısının alınması, daşıyıcıların və sürücülərin peşəkarlıq keyfiyyətlərinin artırılması və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılmasıdır. Razılaşma sənədi gələcəkdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində əməkdaşlığın genişləndirilməsinə şərait yaradacaq.
Razılaşmaya əsasən, “İcazə blankları”nın daşıyıcılar arasında bölgüsünün müəyyən meyarlar əsasında tam şəffaf həyata keçirilməsi məqsədilə prosesi ABADA-nın təmin etməsi qərara alınıb. "İcazə blankları” ölkələrarası iqtisadi-siyasi əlaqələrdən və daşımaların həcmindən asılı olaraq kvota əsasında müəyyən olunaraq mübadilə edilir.
“İcazə blankları”nın bölgüsünün təkmilləşdirilməsi ehtiyacını nəzərə alaraq, qanunvericiliyə uyğun şəkildə tərəflər arasında "Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında” Memorandum da imzalanıb. Memoranduma əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların həyata keçirilməsi üçün istifadə olunan kvota üzrə mübadilə edilən xarici ölkələrin birdəfəlik “İcazə blankları” və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik və qısamüddətli icazələrinə olan tələbatın müəyyən edilməsi və həmin icazələrin yerli avtodaşıyıcılar arasında bölgüsünün yeni mexanizminin formalaşdırılması nı ABADA icra edəcək.
"İcazə blankları" ölkələr arasında razılığa əsasən daşımaların həcminə uyğun müəyyən olunan və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. İcazə blankı hər iki ölkə arasında qarşılıqlı razılığa əsasən eyni sayda mübadilə edilir. Yükdaşımanı icra edən sürücü məhz "İcazə blankları" vasitəsilə xarici ölkələrdən yükləri ya öz ölkəsinə, ya 3-cü ölkəyə, ya da məhsulu təhvil aldığı ölkədə daşıma izni əldə edir.
ABADA könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan və fəaliyyəti ölkənin bütün ərazisini əhatə edən qeyri-kommersiya hüquqi şəxsidir. ABADA 1993-cü ilin noyabr ayından etibarən Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvüdür və Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə ölkə ərazisində “Beynəlxalq yükdaşımaları haqqında” 1975-ci il Gömrük Konvensiyası üzrə təminat orqanı olaraq müəyyən edilib. İctimai Birliyin avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən daşıyıcıların yerli və beynəlxalq səviyyədə təmsil olunması ilə bağlı çoxillik təcrübəsi və müsbət işgüzar nüfuzu var. Qurum ölkədə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən daşıyıcıların 30 ilə yaxın təcrübəyə malik yeganə assosiasiyasıdır.