ABŞ-ın “Apple” kompaniyası Hindistanın cənubundakı Tamilnad ştatında inşa etdiyi yeni zavodda “iPhone” smartfonlarının istehsalına başlayıb.
«Apple» Amerikaya «qapılar bağlanmamış» çatmaq üçün – 1,5 milyon ədəd «iPhone»u təyyarə ilə göndərdi
FED.az xəbər verir ki, “Business Standard” qəzetinin məlumatına görə, “Apple” həmin zavodu Hindistanın “Tata Electronics” korporasiyası ilə birgə idarə edəcək.
ABŞ kompaniyasının digər böyük biznes tərəfdaşı Tayvanın “Foxconn” şirkəti isə 2027-ci ilin sonunadək Karnataka ştatının Banqalor şəhərindəki yeni zavodunda istehsala başlamağı planlaşdırır. Dəyəri 2,6 milyard dollar təşkil edən zavodda saatda 500 ədəd “iPhone” istehsal olunacaq. Kompaniyanın ən son “iPhone16” modeli və onun variantları da həmin müəssisədə yığılacaq. Yaxın illərdə Hindistanda “Foxconn” tərəfindən idarə olunan zavodların sayı beşə, işçilərin sayı isə 50 minə çatacaq.
Qeyd edək ki, “Apple” Vaşinqton və Pekin arasında ticarət müharibəsi fonunda “iPhone” istehsal bazasını Çindən Hindistana köçürməyə çalışır. Kompaniya mart ayında Hindistandan ABŞ-a 2 milyard dollar dəyərində “iPhone” göndərib. “Apple” 2026-cı ilin sonunadək ABŞ-da satılacaq “iPhone” smartfonlarının əksəriyyətini Hindistan zavodlarında istehsal etməyi planlaşdırır. Hazırda qlobal “iPhone” istehsalının təxminən 18 faizi Hindistanın, 75 faizi isə Çinin payına düşür. (Azərtac)