"Alibaba Group Holding"in prezidenti Maykl Evans şirkətin Türkiyədəki layihələrə investisiya yatırmaq və Avropa bazarlarında fəaliyyətini bu ölkədən idarə etmək planlarını açıqlayıb.
Eləcə də bax: “Alibaba” şirkəti “Tesla”nın rəqibi ilə - BİRLƏŞİR
FED.az xəbər verir ki, bu barədə cümə günü “Dünya” qəzeti məlumat yayıb.
Evans Ankarada Türkiyənin vitse-prezidenti Fuat Oktay tərəfindən qəbul edilib. Görüşdə Türkiyənin ən böyük elektron ticarət platformalarından biri olan Trendyol Qrupunun rəhbəri Çağlayan Çətin də iştirak edib.
Alibaba Qrupunun prezidenti bildirib ki, onun şirkəti Türkiyədə bir neçə böyük investisiya layihəsi planlaşdırır. Xüsusilə, söhbət Ankarada bulud hesablama şirkətlərinə investisiyalardan, həmçinin İstanbulda logistika layihələrinə investisiyalardan gedir.
Evans qeyd edib ki, holdinq Avropadakı əməliyyatlarına nəzarət mərkəzini Türkiyəyə köçürməyi planlaşdırır. Bundan əlavə, istehsal sektoruna, idarəetmə və hesablama texnologiyalarına investisiyalar qoyulacaq.
Oktay öz növbəsində bildirib ki, Türkiyə tərəfi respublikanın qanunlarına uyğun fəaliyyət göstərən, iş yerləri yaradan, ölkə iqtisadiyyatının inkişafına töhfə verən istənilən şirkəti yerli hesab edir. (Marja)