ABŞ-ın aparıcı texnologiya şirkətləri bazarda böyük dəyər itkisi yaşadı.
"Möhtəşəm 7" şirkətlərində böyük sarsıntı - SƏHMLƏR DƏYƏR İTİRDİ!
FED.az xəbər verir ki, Nasdaq 100 indeksi 3.8% azalaraq bir gündə 1.1 trilyon dollar itirdi. Tesla 15% ucuzlaşaraq il ərzində ümumi dəyərinin 45%-ni itirdi. Nvidia isə 5.1% enərək son iki ayda bazar dəyərində 1 trilyon dollardan çox itki yaşadı.
Bu kəskin enişin əsas səbəblərindən biri ABŞ iqtisadiyyatına dair artan resessiya qorxusudur. Həftəsonu prezident Donald Tramp və administrasiya rəsmiləri iqtisadi yavaşlamanın gözlənildiyini bildirdilər. Bu açıqlamalar investorları qorxuya salaraq texnologiya sektorunda kütləvi satış dalğasına səbəb oldu.
Xüsusilə son aylarda texnologiya nəhənglərinə böyük investisiyalar yönləndirilmişdi. Nvidia, Microsoft, Apple kimi şirkətlər 3 trilyon dollar bazar dəyərinə çatmışdı. Lakin bazarda qeyri-müəyyənlik artdıqca investorlar daha təhlükəsiz sektorlara yönəlməyə başlayır. Ekspertlər bildirirlər ki, bu satış dalğası davam edərsə, texnologiya sektorundakı eniş daha da dərinləşə bilər.