200 meqapiksellik kameraya malik ilk smartfonun Motorola markası tərəfindən satışa çıxarılacağı ilə bağlı iddia irəli sürülüb.
Eləcə də bax: “Xiaomi” yeni “Redmi Note 11 4G” smartfonunu təqdim edib – QİYMƏTİ $155
FED.az xəbər verir ki, smartfon istehsalçıları son illərdə təqdim etdikləri telefonlarla bir növ meqapiksel yarışı keçirirlər. Artıq fotonun keyfiyyətindən daha çox marketinq strategiyasına çevrilən meqapiksel özəlliklərində hər il yeni mərhələyə keçilir.
Məsələn, Cənubi Koreya istehsalçısı Samsung, keçən ilin sentyabr ayında ISOCELL HP1 adlı 200 MP-lik smartfon kamera sensorunu təqdim etmişdi.
MOTOROLA BU SAHƏDƏ İLKƏ İMZA ATACAQ
Mobil sənaye sahəsində etibarlı xəbər mənbələrindən biri olan Ice Universe öz Twitter hesabında Samsung ISOCELL HP1 görüntü sensoru ilə ilk smartfonun Lenovo-nun törəmə şirkəti Motorola tərəfindən buraxılacağını açıqlayıb.
Bildirilir ki, 200 meqapiksellik Samsung ISOCELL HP1 kamera sensoru ilk olaraq dekabr ayında təqdimatı planlaşdırılan Moto Edge X modeli ilə qarşımıza çıxacaq.
Xiaomi isə gələn ilin ikinci yarısında 200 meqapiksel kameralı smartfonunu təqdim etməyə hazırlaşır.
Cənubi Koreya nəhəngi Samsung-un eyni sensora malik telefonu, ehtimal ki, 2023-cü ildə təqdim olunacaq Galaxy S23 Ultra modeli olacaq. (Marja)