Xəbər verildiyi kimi iyunun əvvəlində Bakıda «Formula-1» üzrə Azərbaycan «Qran Pri»si keçiriləcək.
"Formula"ya görə iyunun 6-dan yollar bağlanır - ƏRAZİLƏR
FED.az xəbər verir ki, 3 gün davam edən yarışların biletlərinin qiyməti açıqlanıb. Amma ölkədə keçirilən ən bahalı idman yarışına qatılmaq üçün torpaqların azadlığı uğrunda həlak olan şəhid ailələri və qazilər üçün güzəşt nəzərdə tutulmayıb.
Belə ki, "Bakı Şəhər Halqası"ndan FED.az-a bildirilib ki, biletlərdə qazilər, şəhid ailələri üçün ayrıca güzəşt nəzərdə tutulmayıb. Fərq yalnız yerli və xarici qonaqların biletlərinin qiymətindədir.
Qeyd edək ki, «Formula-1» biletlərinin qiyməti yerli azarkeşlərə birgünlük ayaqüstü zonada 90 manatdan başlayır və 160 manata kimi seçilən günə uyğun olaraq dəyişir. Məsələn, ayaqüstü Qız qalası zonası üçün 1 nəfərlik biletin qiyməti cümə günü üçün 90 AZN, şənbə günü üçün 120 AZN, bazar günü üçün isə 160 manatdır. Xarici vətəndaşlar üçün isə həmin şərtlərdə fərqli qiymətlər nəzərdə tutulub. Ayaqüstü Qız qalası zonası üçün 1 nəfərlik biletin qiyməti 3 gün üçün 260 dollar (442 AZN), 2 günlük üçün 240 dollar (408 AZN).
Yerli azarkeşlər üçün tribuna qiymətləri 90-970 manat arası dəyişir. Filarmoniya zonası üzrə 1 nəfərlik biletin qiyməti 1 gün üçün 90 AZN, 2 gün üçün 260 AZN, 3 gün üçün isə 330 manatdır. Xarici azarkeşlər üçün Filarmoniya zonası üzrə 1 nəfərlik biletin qiyməti 1 gün üçün 70 dollar (119 AZN), 2 gün üçün 200 dollar (340 AZN), 3 gün üçün 220 dollardır (374 AZN).
Eyni zamanda, 2-16 yaş arası uşaqlar üçün biletlər yalnız 3 günlük yerli azarkeşlər üçün 690 AZN, xarici azarkeşlər üçün 540 dollar (918 AZN) nəzərdə tutulub.
Hər il olduğu kimi, bu il Paddok klubu üçün bilet satışı da nəzərdə tutulub. Paddok klubu yarışları ən yaxşı seyr etmək imkanı yaradan VİP zonadır (Hökumət Evinin yaxınlığı). Burada yerli və xarici azarkeşlər üçün qiymət fərqi yoxdur, standart paketlə 1 gün üçün 875 dollar (1 487 AZN) + 18 % ƏDV, 2 gün üçün 3 950 dollar (6 715 AZN) + 18 % ƏDV, 3 gün üçün isə 4 550 dollar (7 735 AZN) + 18 % ƏDV təyin olunub.