Məlum olduğu kimi, Xocalıda yüzlərlə günahsız azərbaycanlının öldürülməsində iştirak etməkdə ittiham olunan Raşid Beqlaryan 32 il sonra Azərbaycan məhkəməsində mühakimə edilir.
Fransadan Xocalı qatilinin hesabına 2 milyon köçürülübmüş
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun cinayət işini Füzuli Rayon Məhkəməsinin hakimləri araşdırır. Qanunun tələbinə uyğun olaraq Beqlaryan məhkəmədə dövət hesabına vəkil və tərcüməçi ilə təmin edilib. Məhkəmədə olanlar və iş materiallarında qeyd edilənlər tək-tək ona izah edilir.
R.Beqlaryan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulub. Cinayət işinin istintaqı Xidmətin İstintaq Baş İdarəsində aparılıb. Beqlaryan müharibə cinayətlərinin törədilməsində ittiham olunur. O, hələ ibtidai istintaq dövründə Xocalı soyqırımının törədilməsi ilə bağlı önəmli məlumatlar verib. 1992-ci ilin fevralın 26-da özünün də daxil olduğu silahlı birləşmələr tərəfindən 200 nəfərə kimi mülki azərbaycanlını xüsusi amansızlıqla güllələdiklərini etiraf edib.
Məhkəmənin əvvəlki iclaslarında da ətraflı danışıb. İstintaq zamanı məxfi məlumatlar əsasında Beqlaryanın hesabına Fransa Respublikasından 2 milyon avroya yaxın pul köçürüldüyü ortaya çıxıb. Özünün dediyinə görə, tutulanadək Fransada yaşayan bəzi şəxslər həmin pulu ona kömək məqsədilə ianə ediblər. Amma bu, onun iddiasıdır.
Bugünkü iclasda iş üzrə sonuncu sənədlər tədqiq edilib, məhkəmə istintaqı tamamlanıb.
Dövlət ittihamçısı Raşid Beqlaryanın müharibə ilə bağlı olan cinayətlərin törədilməsində təqsirli bilinərək 17 il azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsin qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilməsini xahiş ediblər: “Əsgər yoldaşımın başını kəsib, mənə qanını içirdiblər. Necə razılaşa bilərəm 17 illə?!”, - zərərçəkmişlərdən biri əlavə edib.
Təqsirləndirilən şəxsin vəkili müvəkkilinə yüngül cəza verilməsini xahiş edib. Beqlaryan özü də son sözündə eyni xahişi edərək əlavə edib ki, müharibədə iştirak etməsindən peşmandır, əmr icra edib.
Əli Süleymanovun sədrlik etdiyi məhkəmə heyəti müşavirədən sonra hökmü elan edib.
Hökmə əsasən, Raşid Beqlaryan müharibə cinayətlərinin törədilməsində təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilib. O, cəzasının 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, 62 yaşlı R.Beqlaryan ötən il Laçın rayonunun Zabux kəndində sərhədi qanunsuz keçərkən saxlanılıb. DTX-nin vəsatəti əsasında barəsində həbs qətimkan tədbiri seçilib.