Xocalı soyqırımının törədilməsində iştirak etməkdə ittiham olunan Raşid Beqlaryanın cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
Xocalı qatili Seyran Ohanyan və onun oğlu - Qarabağda Yaralanıb
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Beqlaryan sülh və insanlıq əleyhinə və digər ağır cinayətlərin törədilməsinə görə mühakimə edilir.
Onun işi Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Füzuli Hərbi Məhkəməsinin hakimi Əli Süleymanovun sədrliyi ilə araşdırılır. Dövlət ittihamının müdafiəsi isə Hərbi Prokurorluğun Dövət ittihamının müdafiəsi şöbəsinin prokuroru Fuad Kazımova həvalə olunub.
Məlumat üçün deyək ki, Ermənistan vətəndaşı R.Beqlaryan ötən ilin yayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini qanunsuz keçərkən həbs edilib. Onun cinayət işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən aparılıb. Beqlaryan Xocalı soyqırımının törədilməsi ilə bağlı istintaqa önəmli məlumatlar verib. O, 1992-ci ilin fevralın 26-da özünün də daxil olduğu silahlı birləşmələr tərəfindən 200 nəfərə kimi mülki azərbaycanlını xüsusi amansızlıqla güllələdiklərini etiraf edib. Müvafiq şəxslər cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.
Beqlaryan məhkəmədə dövət hesabına vəkil və tərcüməçi ilə təmin edilib, hakim onun qanunla nəzərdə tutulan hüquqlarını izah edib.
Beqlaryanla bağlı istintaq zamanı başqa maraqlı məqamlar da üzə çıxıb. Məlum olub ki, Fransa Respublikasından onun hesablarına 2 milyon avroya yaxın pul köçürüb. Özünün iddiasına görə, tutulanadək Fransada yaşayan bəzi şəxslər həmin pulu ona kömək məqsədilə ianə ediblər.
Beqlaryanın Xocalı faciəsi vaxtı iştirak etdiyi və şahidi olduğu cinayətlərinə gəlincə o, həmin vaxt baş verənləri özünün “Beqlaryanın döyüş yolu” adlı sənədində (Azərbaycanda tutulanadək) ətraflı qeyd edib.
Beqlaryan yazır ki, döyüş yoluna Murad Petrasyanın rəhbəri olduğu üçüncü dəstədən başlayıb. O, həmin dəstənin tərkibində döyüşüb, komandirin tapşırıqlarını icra edib. Etiraf edib ki, həmin dəstə Ağdam-Şuşa yolundakı körpünü partladıb, türklərin kolonlarını məhv edib. Sonradan özü dəstə komandiri olub. Xocalı və Xocəvənddə gedən döyüşlərdə 4 dəfə yaralanıb. Döyüşlərdən sonra ona “Vətənin müdafiəsi” medalı verilib.
İstintaq dövründə əməllərini etiraf edən Beqlaryan məhkəmədə Xocalı faciəsi ilə bağlı bəzi məqamları dostu Seqo Doluxanyandan eşitdiyini deyib. İstintaq vaxtı deyib ki, Seqo Doluxanyan Əsgəran bölüyünün döyüşçüsü olub. Xocalı faciəsinin törədiləcəyini də o deyib: “Seqo dedi ki, göstəriş var ki, azərbaycanlıları güllələyək. 50-60 nəfər hücum üçün hazır vəziyyətdə idi. Həmin vaxt biz hamımız Qarabağ azərbaycanlılarına nifrət edirdik, tapşırıq olmasa belə öldürməyə hazır idik”.
Hakim sənədləri tədqiq edərkən Beqlaryanın Xocalı soyqırınının törədilməsi haqda etiraflarını elan edib. Beqlaryan həmin faciəli 26 fevral dəhşətli gün adlandırıb: “Dəhşətli mənzərə idi. Həmin gün azərbaycanlılar bir yerə toplaşdığı vaxt onları güllələməyə başladıq. Bəziləri meşəyə qaçmağa çalışsa da, onların da çoxunu tapıb güllələdik. Qadın və uşaqlar ah-nalə edirdi. Etiraf edim ki, dəhşətli mənzərə idi. Qadınlar, uşaqlar qışqıranda bizimkilər qəh-qəhə çəkib gülürdü. Yalnız kiçik bir qrup meşə yolu ilə canını qurtara bildi. Hamını qırdıqdan sonra bizimkilər meyitlərin üzərindəki qiymətli əşyaları topladılar, sonda da Əsgəran yolu ilə qaçdıq”.
Təqsirləndirilən şəxs vəhşicəsinə öldürülən dinc əhalinin meyitlərinin necə basdırılmasından da danışıb: “Hadisədən bir müddət sonra eşitdik ki, camaat yerdə qalan meyitlərin iyindən şikayət edir. Bundan sonra meyitlər bir-birinin üstündə Əsgəran qalasının yanındakı kütləvi məzarlıqda basdırıldı”.
Separatçı müttəhim istintaq vaxtı dedikləri bəzi məqamların dostu Seqo Doluxanyandan eşitdiyini, öz əli ilə vaxtilə sənəddə yazdıqlarını isə guya müharibədən sonra ona pensiya verilsin deyə yazdığını deyib: “Mən ancaq yük maşınımla ərzaq daşımışam. Döyüşlərdə iştirakımı da ona görə şişirtmişəm ki, müharibədən sonra mənə pensiya versinlər”.
Bundan sonra hakimin sualına cavab verən Beqlaryan Xocalı soyqırımının törədilməsini açıq məhkəmə prosesində etiraf edib: “Qəbul edirəm ki, soyqırımı olub”.
Sənədlərin tədqiqi mərhələsi növbəti prosesdə davam edəcək.