Bakıda oğurluqda təqsirləndirilən Rabil Şahmarov və Ramel Cəfərova hökm oxunub və hər iki şəxsə şərti cəza verilib.
Eləcə də bax: Marketlər şəbəkəsinin 52 min manatını mənimsəyən administratorun məhkəməsi - BAŞLAYIR
FED.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, R.Şahmarov məhkəmə zalından azadlığa buraxılıb.
İttiham aktına əsasən, "Nurşah” MMC-nin qanuni təmsilçisi və direktoru olan R.Cəfərov və cəmiyyətin fəaliyyətinə rəhbərlik edən R.Şahmarov xüsusilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıblar.
Belə ki, onlar Xəzər dənizində yerləşən “Böyük Zirə” adası ətrafında batmış gəmilərin çıxarılması və qara metal qırıntısı kimi təhvil verilməsinə köməklik göstərilməsi üçün 2020-ci ildə icarəyə gəmilər götürüblər.
Daha sonra hər iki şəxs Xəzər dənizinə axıdılması məqsədi ilə Hövsan akvatoriyasında dənizin dibi ilə bir-birinə qaynaq edilən 1970-1990-cı illərdə inşa olunmuş "Azərsu” ASC-yə məxsus, istifadə üçün yararlı vəziyyətdə olan, diametri 1420 mm-lik metal boruları dənizin dibində axtarış apararkən aşkarlayıblar. R.Şahmarovla R.Cəfərov "Azərsu” ASC-nin xəbəri olmadan həmin boru xətlərini üzən kran vasitəsilə dənizin dibindən çıxarıb, içərisinə hava doldurmaqla suyun üzərində saxlayaraq yedək gəmilərin vasitəsilə sahilə daşıyıblar.
Ümumilikdə onlar “Azərsu” ASC-yə məxsus (817, 98 metr uzunluğunda metal boruları) 640 164 manat dəyərində ziyan vurublar.
İstintaq dövründə R.Şahmarov və R.Cəfərovun barəsində Cinayət Məcəlləsinin 177.4-cü (Oğurluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən R.Cəfərovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri, digərinin barəsində isə həbs qətimkan tədbiri seçilib. (Report)