Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər və iş adamları məhkəmə qərarlarının icrası sahəsində mövcud olan problemləri həll etmək üçün hökumətə təkliflər veriblər.
FED.az xəbər verir ki, təkliflər aşağıdakılardır:
- Biz təklif edirik ki, icra xidmətinə müraciət edilməsi iddiaçının qərarından asılı edilsin;
Bu o deməkdir ki, məhkəmə qərarının hökmən icra orqanı tərəfindən icra edilməsi qaydası araan qaldırılsın. Məhkəmədə qalib gələn tərəf özü qərar versin ki, bu qərarını icra edilməsi üçün icra ortaqına müraciət etsin və ya etməsin. Bu təklifin qəbul edilməsi – məhkəmə qərarlarının icrası prosesində icra xidmətinin monopoliyasını laxladacaq. Qeyd edək ki, məhkəmə sistemində islahatlarla bağla prezidentin fərmanında özəl icra xidmətlərinin yaradılması da nəzərdə tutulurdu. Amma indiyədək bu sahədə ciddi yenilik baş verməyib.
2. İcra sənədlərinin əlçatan elektron icra reyestri və sistemi yaradılsın və elektron icra sisteminin dövlətin bütün məlumat bazalarına birbaşa çıxış imkanları müəyyən edilsin;
Bu təklifin qəbul edilməsindən sonra istənilən işin icrası ilə bağlı vəziyyəti elektron şəkildə izləmək mümkün olacaq. Eləcə də icra qurumu tərəfindən bütün məlumatilara çıxış olduğuna görə, məlumatların tələb edilməsi ilə bağlı vaxt itkiləri aradan qaldırılacaq.
3. İşlərin icra məmurları və ərazi üzrə bölüşdürülməsi şəffaflaşdırılsın və bu kriteriyalara yenidən baxılsın;
Sözügedən təklif məhkəmə işlərinin icra üçün bölüşdürülməsi prosesinə yenidən baxılmasını tələb edir.
4. İcra ödənişi daha böyük məbləğli işlərdə azaldılsın;
Söhbət ondan gedir ki, hazırda məhkəmə qərarlarının icrası zamanı iddianın məbləğinin 7%-i qədər xidmət haqqı tutulur. Burada məbləğin həcmi ilə bağlı fərq nəzərdə tutulmur. Məsələn, 10 min manat və ya 10 milyon manatlıq işlərin icrası zamanı eyni qayda ilə 7% tutulur bu isə 700 manat v ya 700 min manat icra haqqı deməkdir. Təklif edilən isə odur ki, məbləğ artdıqca, icra xidməti haqqı hesablanması üçün faizlər azalsın.
5. İcra məmurlarının peşəkar, xüsusilə də psixoloji və etik biliklərinin möhkəmləndirilməsi üçün sertifikasiya sistemi tətbiq edilsin;
Xarici təşkilatların bu təklifi, icra məmurlarının yenidən sertifikatlaşdırılmasını nəzərdə tutur.
6. Ayrı-ayrı icra tədbirlərinin tətbiqi təcrübəsi və yeni icra tədbirləri qanunvericiliyə daxil edilsin.
Təqribən 1-ci təklifin davamıdır və icra məmurları ilə yanaşı, məhkəmə qərarlarının fərqli üsullarla icrasını nəzərdə tutur.