Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
FED.az xəbər verir ki, qanuna dəyişiklik layihəsi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanına uyğun olaraq hazırlanıb. Həmin fərmanla ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə kompleks tədbirlər nəzərdə tutulub.
Fərmanda göstərilən məsələlərin həlli məqsədilə “Dövlət rüsumu haqqında” qanuna bəzi dəyişikliklər təklif olunur.
Dəyişikliklə qanunun məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri ilə bağlı 8-ci maddəsi yeni redaksiyada verilir.
Dəyişikliyə əsasən dövlət rüsumu tutulmalı olan hərəkətlər yenidən sistemləşdirilir, həmçinin qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu diferensial qaydada müəyyən olunur və məbləğlərə yenidən baxılır. Nəzərdə tutulmuş dövlət rüsumlarının 50 faizi Ali Məhkəmənin, apellyasiya məhkəmələrinin, müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürüləcək və bu vəsait məhkəmə aparatlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, məhkəmənin maddi təminatının yaxşılaşdırılmasına yönəldiləcək.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.