Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Eləcə də bax: Bir böyrək 30 min manata - SABİQ İCRA BAŞÇISININ ADI ORQAN ALVERİNDƏ HALLANIR
FED.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Samir Mirzəyev bildirib ki, klinikanın direktoru Pərviz Abbasov onun qardaşının sinif yoldaşı olub: "Özüm və atam koronavirusa yoluxanda həmin klinikaya yerləşdirilmişik, müalicə alıb sağalmışıq. Sağalıb klinikadan çıxandan sonra klinikaya xəstə yerləşdirmişəm. Əvəz mənə müraciət etdi. Mən də Pərviz həkimdən yaxın bir adamın vəziyyətinin ağır olduğunu deyərək ondan xahiş etdim. Pərviz həkim xəstənin klinikaya yerləşdirilməsinə icazə verdi. Mənim buna görə kimdənsə pul almağımdan həkimin xəbəri olmayıb. Sadəcə bu vəziyyətən istifadə etmişəm. Sonra da başqaları üçün həkimə müraciətim olub.
Hətta atam xəstəxanadan çıxandan sonra rayondan bir quzu kəsdirib gətirmişdim. Həkimə verdim, amma götürmədi”.
Prokurorun suallarını cavablandıran Samir Mirzəyev istintaqda təzyiqlə üzləşdiyi üçün Pəviz Abbasovun əleyhinə ifadə verdiyini vurğulayıb. O, Pərviz Ababsovdan xəstələrin klinikaya yerləşdirilməsi üçün heç bir göstəriş almadığını, ona pul vermədiyini söyləyib.
S.Mirzəyev özünü qismən təqsirli bilib.
Təqsirləndirlən Əvəz Hüseynov da özünü ittihamlarda qismən təqsirli bilib: "Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi vəzifəsində çalışmışam. Atam həmin klinikada koronavirus infeksiyasına görə müalicə alıb. Buna görə heç bir ödəniş etməmişəm. Bildilər ki, atamı həmin klinikada müalicə etdirmişəm, məlumat yayıldı ki, guya mən Pərviz həkimlə dostam. Hansı ki klinikaya xəstə yerləşdirmək üçün heç vaxt Pərviz həkimlə danışmamışam. Klinikaya xəstələri Samir Mirzəyev vasitəsilə yerləşdirmişəm.
Bir gün mənə Nailə adlı bir xanım zəng elədi dedi ki, bir xəstəni klinikaya yerləşdirmək lazımdır. Mən buna etiraz etdim. Hətta xanıma dedim ki, bir də mənə zəng etsəniz, sizə kobud cavab verəcəm. Bir müddət sonra adının Vüsalə olduğunu bildiyim bu xanım zəng elədi. Vüsalə xanım mənimlə mülayim danışdı, xəstənin təcili klinikaya yerləşdirilməli olduğunu dedi. Mən də insanlıq naminə razılaşdım”.
Prosesdə bildirilib ki, Ə.Hüseynovun ifadəsində müəyyən ziddiyyətlər olub. O, əvvəlcə xəstələri klinikaya pulsuz yerləşdirdiyiniz desə də, sonradan buna görə xəstə sahiblərindən pul aldığını bildirib.
O qeyd edib ki, Vüsalə Əliyeva xəstələrin şəxsiyyət vəsiqəsini ona göndərsə də, pul ödənilmədiyi halda xəstəni klinikaya yerləşdirməyiblər.
Təqsirləndirilən şəxs bildirib ki, xəstələrdən aldığı pulu geri qaytarmağa hazırdır: "Xəstələrin yaxınlarından 2000-2500 manat tələb edirdim. Həmin pulun 1000 manatını özümə götürürdüm. Vüsalə Əliyevanın xəstələrdən konkret olaraq nə qədər almasından xəbərim yoxdu".
Prokurorun suallarını cavablandıran Əvəz Hüseynov Pərviz Abbasovla görüşmədiyini, ona xəstələrin klinikaya yerləşdirilməsi üçün pul vermədiyini deyib.
Proses sentyabrın 7-də davam etdiriləcək.
İttihama görə, həbs edilən şəxslər COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından pul alıblar.
Həbs edilən şəxslərdən Qalib Nəcəfov "Buta" klinikasında həkim radioloq vəzifəsində işləyib, Vüsalə Əliyeva “Avrasiya” klinikasında və "Viola" MMC-də menecer işləyib, Əvəz Hüseynov Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi vəzifəsibdə çalışıb. Samir Miriyev isə işsiz olub. (Trend)