Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Eləcə də bax: İş adamı: "General dedi ki, 1 milyonu verməsəz, sizi həbsdə çürüdəcəyəm”
FED.az xəbər verir ki, ötən gün Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə zərərçəkən Zaur Əliyevin sərbəst ifadəsi davam etdirilib. O bildirib ki, MTN zindanına salınıb, pul vermək üçün təhdid olunub: “Məndən pulu tələb edən Mövlam Şıxəliyevin müavini Təhsin Ağayev idi. Bu gün özünü tülkülüyə vurub, guya xəstədir. Hamı bilir ki, Təhsin Ağayev qorxaq, rəzil biridir. İstintaqa cəlb edilsəydi, qorxusundan bu mütəşəkkil cinayətkar quldur dəstənin bütün cinayətlərini bir-bir açıb deyəcəkdi. Ona görə də onu xəstəlik adı ilə istintaqdan, məhkəmədən yayındırırlar. Məni girov götürüb MTN-in zindanında saxladılar. Girovluqda qaldığım 3 ay ərzində məndən 1 tələb vardı: “pul ver”. 200 min manat istəyirdilər. Təhsin pulu Mövlam Şıxəliyevə çatdırmaq üçün dəridən-qabıqdan çıxıb. Məqsədi də bu olub ki, pulu alıb, çatdırmasına görə ona pay verilsin”.
Zaur Əliyevin sözlərinə görə, 3 aylıq müddətdən sonra 100 min manat qarşılığında onu azad etməyə razılaşıblar: “Təhsin bildirdi ki, MTN-də cənab tərəfindən, yəni Eldar Mahmudov tərəfindən qayda qoyulub. 100 min manatdan aşağı pul barəsində heç kəslə danışıq aparılmasın. Dedi ki, Mövlam Şıxəliyev 100 min dollar qarşılığında səni azad etməyə razılaşıb. Ailəm pulu verəndən sonra həbsdən çıxdım. Ekspertizanın rəyinə görə əlavə 5 min də aldılar. Şıxəliyev mənə qarşı dövlətin gücündən istifadə etməklə şərəfsizlik etdi. Heç bir günahım olmaya-olmaya girov götürüldüm, övladlarımın gözünü yaşlı qoydular. Bizdən alınan pullar hesabına Mövlam Şıxəliyev həyat yoldaşı Aybəniz Şıxəliyevanın, qızı Samirə Əliyevanın, oğlu Elgün Şıxəliyevin adına çoxsaylı mülklər alıb. Bu əməllə faktiki olaraq Mövlam Şıxəliyev özünün cinayətlərinə ailə üzvlərini də şərik edib. Amma bu gün onun ailə üzvlərinə qarşı cinayət təqibi aparılmır.
Aylarla özümüzü, ailələrimizi təhdid altında saxlayıb azad edilməyimiz üçün pul tələb ediblər. Pul verməyib nə edə bilərdik? MTN İstintaq Baş İdarəsinin rəisindən kimə şikayət edə bilərdim? Və ya baş prokuror Qaralovdan, onun 1-ci müavini Usubovdan şikayətlərimizə kim idi baxan? Şıxəliyev vəzifədə ikən ondan şikayət edənlər bu gün həyatda yoxdurlar. Bunlar tam cinayətkar şəbəkə idi”.
Zaur Əliyev deyibki, Vüsal Ələkbərov 12 il həbs cəzası alsa da, Ali Məhkəmənin sədri Ramiz Rzayevin göstərişi ilə cəza 5 ilə endirilib, şərti hesab edilib və Ələkbərov azadlığa buraxılıb. “Ramiz Rzayev bu gün vəzifədədir və hazırkı məhkəməyə də belə bir tapşırıq verməsi istisna deyil”, - deyə o məhkəmədən narazılığını bildirib.
Proses gələn həftə davam etdiriləcək.
Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var. (Qafqazinfo)