Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Eləcə də bax: "Texnikabank"ın sahibi: “Dedilər ki, guya həbsim Prezidentlə razılaşdırılıb”
FED.az xəbər verir ki, ötən gün keçirilən prosesdə zərərçəkmiş, hazırda həbsdə olan Cavidan Hacıyev sərbəst ifadə verib. O, 2016-cı ildə “Texnikabank”dan 18 milyon manat kredit götürərək mənimsəməkdə ittiham olunur. 10 il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan cəzası 6 ilə endirilib.
Cavidan Hacıyev məhkəmədə bildirib ki, həbsinə qədər Türkiyədə bizneslə məşğul olub: “Ölkəyə sement, sement xammalı gətirilməsi ilə məşğul olmuşuq. 2008-ci ildən Rauf Kərimovla şərik işləyirdik. Biznesimin inkişafı üçün “Texnikabank”dan bir sıra əmlaklarımı girov qoyaraq 30 milyon manat kredit götürdüm. Həmin vaxt Rauf Kərimova məxsus “Bakı” mehmanxanasını da girov qoyduq. 2012-ci ildə “Texnikabank”ın rəhbəri Etibar Əliyev MTN tərəfindən həbs olundu. Daha sonra İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov məni və Raufu MTN-ə çağırdı. 2-3 ay ərzində hər gün onun qəbuluna getdim”.
Onun sözlərinə görə, Vüsal Ələkbərov hər gün Cavidan Hacıyev və Rauf Kərimovu krediti necə, kimin vasitəsilə götürməyi, hara xərcləməti barədə sorğu-suala tutub. Uzun dindirmələrdən sonra ümumilikdə 1 milyon manat pul tələb olunub: “Vüsal Ələkbərov dedi ki, “hərəniz 500 min manat verin, sizi həbs etməyək”. Biz razılaşmadıq, çünki cinayətimiz yox idi. Hər gün bizi MTN-ə çağırıb, saatlarla gözlədib 1 milyon manat pulu verməyə razı salmağa çalışırdılar, hədələyirdilər. Hədəni artırmaq üçün 3-4 dəfə Təhsin Ağayevin otağına da aparmışdılar. Təhsin bu gün özünü tülkülüyə vurub, guya xəstədir, aradan çıxıb. MTN-də özünü dəcəl uşaq kimi aparırdı, yekə-yekə danışırdı. Bir dəfə Təhsin Ağayev öz otağından Mövlam Şixəliyevə zəng vurdu, “bunlar deyilən məbləği hələ düzəltməyiblər” dedi. Mövlam Raufa dedi ki, “1 milyonu verməsəniz, ikinizi də həbs etdirib, çürüdəcəyəm”. Sonra razılaşdıq. Kredit götürdük, mən avtomobillərimi satdım, pulu MTN-in poliklinikasının qarşısında Vüsal Ələkbərova verdik”.
Cavidan Hacıyev deyib ki, MTN-də onların barəsində heç bir sənədləşmə aparılmadığını sonradan öyrəniblər. Onların MTN binasına qeydiyyatsız girişi təşkil edilib.
Daha sonra digər zərərçəkmiş şəxs Orxan Abdullayev dindirilib. O bildirib ki, pirotexniki vasitələr və yapışqanlı lent biznesi ilə məşğul olduqları üçün MTN tərəfindən həbs ediliblər: “Çay evində oturub çay içirdik. Özlərini MTN əməkdaşları kimi təqdim edən şəxslər bizi saxladılar. MTN-də olarkən Yasin Məmmədov vərəqə 100 min rəqəmini yazıb mənə göstərdi. Dedi ki, “Cahangir səndən çox pul verir, bunu gətir, səni buraxım”. 4 ay 23 gün həbsdə qaldım. Atam mənzilimi satıb Yasin Məmmədova 50 min manat verib məni azadlığa çıxardı. Məhkəmədə mənə şərti cəza verib buraxdılar”.
Proses iyunun 6-da davam etdiriləcək.
Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var. (Qafqazinfo)