Azərbaycanın pomidor ixracatçısı olan “Novas Agro” MMC (NOVAS Aqro), Mərkəzi bank tərəfindən cərimələnməsi məsələsinə aydınlıq gətirib.
Eləcə də bax: Mərkəzi Bank Rusiyaya pomidor ixrac edən şirkəti - CƏRİMƏLƏYİR
Şirkətdən FED.az biznes və maliyyə xəbərləri portalına bildirilib ki, "Novas Aqro" MMC Azərbaycanın ən böyük pomidor ixracatçısı olan şirkətlərdən biridir. Şirkət yaradılanda, istixanaların müasir avadanlıqıarla təmin edilməsi üçün bir sıra xarici şirkətlərlə müqavilələr bağlanmışdı. Bunlardan biri də Hollandiyanın «Debets Schalke» şirkətidir:
«2019-cu ildə şirkətlə bağladığımız müqaviləyə əsasən, 5 milyon 805 min avro dəyərində müxtəlif istixana avadanlıqları təmin edilməli idi. Bununla bağlı həmin şirkətə 2019-2020-ci illər ərzində müqavilədə nəzərdə tutlmuş məbləğdə ödənişlər edilmişdi.
Ancaq «Debets Shalke» şirkəti müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməyərək, 88 000 avro dəyərində avadanlıqların "Novas Aqro" MMC-yə çatdırılmasını təmin etmədi. Bununla bağlı «Debets Schalke» şirkəti ilə uzun müddət danışıqlar aparılsa da, heç bir nəticə əldə edilmədi. Bundan sonra qeyd edilənlərlə əlaqədar tərəfimizdən Hollandiyanın Azərbaycandakı səfirliyinə rəsmi şəkildə müraciət edildi.
Hazırda həmin şirkətlə bağlı hüquqi prosedurlara başlanılıb və bu məsələ barədə Mərkəzi Bank da məlumatlandırılıb. O da qeyd edilməlidir ki, burada əsl zərərçəkən tərəf "Novas Aqro"MMC-dir. Belə ki, xarici şirkət bizim 88 000 avro dəyərində olan avadanlıqlarımızı göndərməməklə bir tərəfdən bizə maddi ziyan vyrmuş, digər tərəfdən isə həmin avadanlıqlar üçün xaricə ödənilmiş valyuta qarşılığında məhsul ölkəyə daxil olmadığına görə Mərkəzi Bank Cəmiyyətimizə cərimə cəzası tətbiq edir. Bu isə yerli istehsal olan məhsulları xaricə ixrac edən Şirkət üçün olduqca üzücü haldır».
Xatırladaq ki, AMB “Novas Agro” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərib.
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.