Rusiyaya pomidor ixrac edən şirkət “NOVAS Agro” MMC cərimələnir.
Eləcə də bax: 8 şirkət və 5 sahibkara - Cinayət İşi Açılıb - 6 MİLYON MANATDAN ÇOX ZİYAN
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı “NOVAS Agro” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərib.
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.
Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Xatırladaq ki, “NOVAS Agro” MMC 2019-cu ildə yaradılıb və pomidor yetişdirib daxili və xarici bazara çıxarır. Şirkət Azərbaycanda ev əşyaları satan “NOVAS Home” MMC ilə eyni ünvandadır.
FED.az sözügedən məsələ ilə bağlı "Novas Aqro" MMC ilə əlaqə saxlayıb.
Şirkətdən bildirilib ki, "Novas Aqro" MMC Azərbaycanın ən böyük pomidor ixracatçısı olan şirkətlərdən biridir. Şirkət yaradılanda, istixanaların müasir avadanlıqıarla təmin edilməsi üçün bir sıra xarici şirkətlərlə müqavilələr bağlanmışdı. Bunlardan biri də Hollandiyanın «Debets Schalke» şirkətidir: «2019-cu ildə şirkətlə bağladığımız müqaviləyə əsasən, 5 milyon 805 min avro dəyərində müxtəlif istixana avadanlıqları təmin edilməli idi. Bununla bağlı həmin şirkətə 2019-2020-ci illər ərzində müqavilədə nəzərdə tutlmuş məbləğdə ödənişlər edilmişdi.
Ancaq «Debets Shalke» şirkəti müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməyərək, 88 000 avro dəyərində avadanlıqların "Novas Aqro" MMC-yə çatdırılmasını təmin etmədi. Bununla bağlı «Debets Schalke» şirkəti ilə uzun müddət danışıqlar aparılsa da, heç bir nəticə əldə edilmədi. Bundan sonra qeyd edilənlərlə əlaqədar tərəfimizdən Hollandiyanın Azərbaycandakı səfirliyinə rəsmi şəkildə müraciət edildi.
Hazırda həmin şirkətlə bağlı hüquqi prosedurlara başlanılıb və bu məsələ barədə Mərkəzi Bank da məlumatlandırılıb. O da qeyd edilməlidir ki, burada əsl zərərçəkən tərəf "Novas Aqro"MMC-dir. Belə ki, xarici şirkət bizim 88 000 avro dəyərində olan avadanlıqlarımızı göndərməməklə bir tərəfdən bizə maddi ziyan vyrmuş, digər tərəfdən isə həmin avadanlıqlar üçün xaricə ödənilmiş valyuta qarşılığında məhsul ölkəyə daxil olmadığına görə Mərkəzi Bank Cəmiyyətimizə cərimə cəzası tətbiq edir. Bu isə yerli istehsal olan məhsulları xaricə ixrac edən Şirkət üçün olduqca üzücü haldır».