Özünü Dövlət Məşğulluq Agentliyinin işçisi kimi təqdim edərək vətəndaşların pullarını ələ keçirən şəxs saxlanılıb.
FED.az xəbər verir ki, Biləsuvar rayon prokurorluğundan verilən məlumata görə, Aşağı Cürəli kənd sakini Elman Nuriyevin qanunsuz əməlləri barədə daxil olmuş müraciətlər əsasında araşdırma aparılıb.
“DOST İş Mərkəzi” MMC-də ictimai işlərə cəlb olunmuş E.Nuriyevin özünü Dövlət Məşğulluq Agentliyinin işçisi, yəni vəzifəli şəxs kimi təqdim edib vətəndaşları iş və ünvanlı dövlət sosial yardımla təmin edəcəyi barədə yalan vədlər verib. Onun 29 nəfərdən ümumilikdə 16 min manat pulu ələ keçirməsinə, həmin şəxsləri rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. E.Nuriyev barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir. (Qafqazinfo)