Məhdud məsuliyyətli cəmiyyətin (MMC) nizamnamə kapitalının tamamilə ödənilməməsi və ya ödənilmiş nizamnamə kapitalı barədə məlumatın verilməməsinə görə yeni cərimələr müəyyənləşir.
Azərbaycanda yeni cərimələr müəyyənləşir
Bununla bağlı məsələ Milli Məclisin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə Mülki Məcəllədə nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə ediləcək.
Bundan əlavə, Məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1 000 manat məbləğində cərimə olunacaq.
Dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.