Kür çayının məcrasının sahilində qanunsuz qazıntı işlərinin aparılması haqqında Ekologiya və Təbii Sərvətlər Nazrliyindən daxil olan məlumatlar üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılıb.
Eləcə də bax: Tikinti materialları qiymətində böyük artım var – SİYAHI
Bu barədə FED.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Müəyyən edilib ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə yolu ilə Kür çayının məcrasının sahilində oyuqların əmələ gəlməsinə səbəb olan “Mingəçevir” yatağında qum-çınqıl istehsalı məqsədi ilə 5 il müddətinə ayrılmış 10 ha sahədən kənarda 2 il ərzində qanunsuz olaraq 1 milyon 275 min manat dəyərində qum-çınqıl hasilatı aparılmaqla qurğuların istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydaları pozulub.
Bundan başqa, digər şəxs tərəfindən qum-çınqıl istehsalı məqsədi ilə ayrılmış sahədən kənarda 3 il ərzində qanunsuz olaraq 744 min manat dəyərində qum-çınqıl hasilatı aparılması yolu ilə ağır nəticəyə səbəb olan qurğuların istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydaları pozulub.
Fakta görə Cinayət Məcəlləsinin 255.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, istintaqın aparılması Baş prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Hazırda iş üzrə ibtidai istintaq aparılır.