Hüquq

Məhkəmələrdə problemli kreditlərlə bağlı - 300 MİN İŞƏ XİTAM VERİLİB

Məhkəmələrdə problemli kreditlərlə bağlı - 300 MİN İŞƏ XİTAM VERİLİB | FED.az
12:43 22 Aprel 2019

Problemli kreditlərin həlli ilə bağlı dövlət başçısının imzaladığı fərmandan 800 minədək vətəndaş faydalanacaq. FED.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, sözügedən fərmanın imzalanmasından sonra məhkəmələrdə kreditlərlə bağlı olan 300 minə yaxın işin icraatına xitam verildi.

Ç.Qənizadə bildirib ki, 2015-ci ildə manatın devalvasiyası vətəndaşları banklarla bağlı böyük problemlə üz-üzə qoymuşdu. Bu müddət ərzində yüz minlərlə vətəndaş məhkəmə çəkişmələri ilə üzləşmişdi: Problem ildən-ilə dərinləşir, narazılıqlar artırdı. Səbəb aydın idi.  Vətəndaş götürdüyü kredit məbləğindən bir neçə dəfə artıq maliyyə yükü altına düşmüşdü».

Eləcə də bax: Kreditə görə kompensasiyalar verilir – YENİLİKLƏR OLACAQ - DETALLAR

Onun sözlərinə görə, fərmanın 8.10 maddəsində isə məhkəmədə olan işlərin geri çağırılmasına aydınlıq gətirilir: “Məhkəmədə olan işlərin geri çağırılması dedikdə, vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Mülki Prosessual Məcəllənin və “İcra haqqında” Qanunun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur”.

Ç.Qənizadə bu məsələnin artıq öz həllini tapdığını bildirdi. Dedi ki, məhkəmələrdə problemli kreditlərlə bağlı yüz minlərlə işə baxılırdı, çoxlu sayda insan hətta həbs cəzası almışdı. Bu məsələ ilə bağlı Ali Məhkəmədə keçirilən müşavirədə mən də iştirak edirdim. Müşavirədə də qeyd edildi ki, bu sənədin icrası ilə əlaqədar bütün lazımi tədbirlər görülüb. Artıq bu problem aradan qaldırıldı və qeyd etdiyim kimi, 300 minə yaxın işin icraatına xitam verildi. Göründüyü kimi, cənab Prezidentin imzaladığı fərmandan irəli gələn tələblər yüksək səviyyədə yerinə yetirildi. Məndə olan məlumata görə, 2018-ci ildə Ali Məhkəmənin Mülki Kollegiyasında kredit müqaviləsi və bank əmanəti, bank hesabatı müqaviləsi üzrə 3107 qərar qəbul edilib”.

Ç.Qənizadə dedi ki, problemli kreditlərlə bağlı icraatına xitam verilmiş işlər hazırda məhkəmələrdə olan, baxılıb qurtarmış və icraya yönəldilmiş işlərdir: “Hesab edirəm ki, məhkəmələr bu məsələlərin dayandırılmasında tamamilə düzgün qərar qəbul ediblər. Məhkəmənin bitməsi hələ icraya yönəldilmək demək deyil. Çünki hər bir vətəndaşın digər məhkəmə instansiyalarına şikayət etmək hüququ var. Dövlət başçısının məlum fərmanı bütün bu narahatlığa birdəfəlik son qoydu”.

Digər xəbərlər