Qarşıdakı vaxtlarda Azərbaycanda Ədliyyə Nazirliyinin göstərdiyi daha bir neçə xidmət elektronlaşacaq.
Eləcə də bax: Məhkəmə qərarı ilə təmin edilmiş vergi borclarına 5 il sonra - Xitam Verilə Bilər
FED.az xəbər verir ki, bu barədə Ədliyə Naziri Fikrət Məmmədov bildirib.
Onnu sözlərinə görə, hazırda nazirlik tərəfindən əhaliyə 31 elektron xidmət göstərilir ki, 2020-ci ildə bu xidmətlərdən istifadə sayı 1,4 milyonu ötüb.
Səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar "elektron notariat çantası" hazırlanaraq notariusların istifadəsinə verilib ki, elektron notariat informasiya sisteminə və aidiyyəti məlumat banklarına birbaşa çıxışı olan həmin çanta vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək mümkündür.
Maraqlı yeniliklərdən biri də "Elektron ədliyyə köşkü"dür. Sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılan bu "köşk" vətəndaşlara video əlaqə vasitəsilə 24 saat ərzində notariat xidmətlərinin məsafədən göstərilməsinə və müvafiq sənədlərin əldə edilməsinə imkan verir.
Həmçinin Azərbaycanın məhsulu olan "Mobil notariat" tətbiqi son zamanlar vətəndaşların daha çox bəhrələndiyi innovasiyalardan biridir. Müvafiq proqramı telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatların yüklənməsi təmin edilir. Pandemiya dövründə bu tətbiqin imknaları genişləndirilib.
Artıq tətbiq üzərindən istifadəçilər notariat ofisinə getmədən notariusla video əlaqə yaradaraq nəqliyyat vasitələrinin idarə olunması və ona sərəncam verilməsi, habelə hüquqi yardımla bağlı vəkilə verilən və bəzi digər etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanına malikdirlər.
Hazırda istifadəçilərinin sayı 110 000-dən çox olan "Mobil notariat" üzərindən bu yaxınlarda vətəndaşlara yeni əlavə – banklarda təmsilçilik məqsədilə verilən etibarnamələrin, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələrin elektron qaydada videoyazı vasitəsilə rəsmiləşdirilməsi imkanları yaradılıb.
Bank əməliyyatları üçün zəruri olan notariat hərəkətlərinin video əlaqə vasitəsilə rəsmiləşdirilməsi məqsədilə banklarda müvafiq avadanlıqla təchiz edilmiş notariat kabinəsi quraşdırılıb. Eyni xidmətlər, həmçinin böyük sosial əhəmiyyətə malik olan “DOST” mərkəzlərində də göstərilir.
Bununla yanaşı, məhkəmə xidmətlərinə əlçatanlığın artırılması məqsədilə "Elektron məhkəmə" informasiya sisteminin mobil versiyası mövcuddur. "Mobil məhkəmə" tətbiqi üzərindən istifadəçilər "Şəxsi kabineti" vasitəsilə sistemin açdığı bütün imkanlardan yerləşdiyi yerdən asılı olmayaraq öz mobil cihazı vasitəsilə istifadə edə bilərlər.
Hazırda "Mobil məhkəmə" vasitəsilə birinci instansiya məhkəmələri tərəfindən qəbul olunan qərarlardan apellyasiya şikayətinin verilməsi imkanın yaradılması üzrə tədbirlər görülür.
Eyni zamanda, borclu şəxslərə aliment, kredit, cərimə və digər icra ödənişlərinin "ASAN ödəniş" və "Elektron hökumət" portalları, eləcə də müxtəlif mobil tətbiqlər vasitəsilə onlayn qaydada və ya terminallar vasitəsilə həyata keçirilməsi, valideynlik hüququndan istifadənin – uşaqla ünsiyyətin video-əlaqə vasitəsilə təmin edilməsi imkanının yaradılması məhkəmə qərarlarının icrasının səmərəsini artırıb.
Hazırda icra xidməti sahəsində fiziki və hüquqi şəxslərə tərəf olduqları icra işləri barədə məlumatın verilməsi, habelə doğumun və ölümün dövlət qeydiyyatının elektron qaydada həyata keçirilməsi və digər fəaliyyət istiqamətləri üzrə e-xidmətlərin genişləndirilməsi ilə bağlı işlər aparılır.